XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Pomidorun bostanla bazar arasındakı qiymət fərqi: "Məhsulu 55 qəpiyə satırıq"
Ekonomiks17:03 25.08.2026

Pomidorun bostanla bazar arasındakı qiymət fərqi: "Məhsulu 55 qəpiyə satırıq"

Bu il Azərbaycandan bir neçə ölkəyə pomidor ixrac olunub. 2026-cı ilin ilk 6 ayında Azərbaycandan ixrac edilən pomidorun 93 faizi Rusiyaya göndərilib. 7 faizi isə Belarus və Ukraynaya ixrac edilib. Bəzi hallarda Azərbaycan pomidoru Körfəz ölkələrinə də ixrac olunub.

Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında hazırda açıq sahədə pomidorun bir kiloqramının bostanda topdansatış qiymətinin 55 qəpik olduğunu bildirib:

"Onu məndən alan alverçilər aparıb Masallı rayonunun bazarında 85-90 qəpiyə satırlar. 30 qəpik üstünə nəyə görə əlavə olunur? Onun üzərinə bazar xərcləri - xidmət, yer haqqı, daşınma xərci və s. gəlir. Yeşiklərin, torbaların da qiyməti qalxıb. Ötən il bir ton məhsulun daşınması üçün 25-30 manat xərc çəkilirdisə, bu il həmin rəqəm 60-70 manat olub. Ötən il alverçi yanında gətirdiyi fəhləyə günə 15 manat verirdisə, bu gün həmin qiymətə gələn yoxdur. Deyirlər ki, 30-40 manat istəyirik. Bu da pomidorun satış qiymətinə təsir edir. Fermer üçün əsas məqam məhsulun alınmasıdır".

Anar Abbasov vurğulayıb ki, fermerlərin məhsullarını Azərbaycanın mərkəzi bazarlarına çıxarması üçün “yaşıl dəhliz” yaradılmayınca, bu problem davam edəcək:

“Bu gün qarpızı sahədə 15 qəpiyə satırıq. Fərqə baxın. Bu gün mən məhsulumu Bakıya apara bilsəm, bir çox problemlə qarşılaşacağam. Ondansa, 15 qəpiyə satıb məhsulumu batırmaram. Ən aşağı əməkhaqqı 25 manatdır. Artıq saat işləyən fəhləyə 35-40 manat alır. Bostandan alınan məhsul üç əldən keçir. Məndən alan şəxs məhsulu rayon mərkəzi bazarına aparır. Sonra Bakıda “Meyvəli” bazarına gedir və oradan da sakinlərə, mağazalara aparılır”.

Anar Abbasov deyir ki, məhsulunu birbaşa Bakıya apara bilsə, orada bir kiloqramını 40 qəpiyə sata bilər:

“Bostan məhsulu iki günə satılmalıdır. Bakıda isə günlərlə küçələrdə qalır, gün vurur, dadını itirir”.

Bahar Rüstəmli