Avropanın bəzi turizm bölgələrində turistlərin sayı yerli əhalinin sayını dəfələrlə üstələyir.
Qaynarinfo xəbər verir ki, “The Independent” Avropa Statistika İdarəsinin (Eurostat) 2024-cü il üzrə məlumatlarına istinadən turist sıxlığının ən yüksək olduğu Avropa bölgələrinin siyahısını yayıb.
Məlumata görə, turistlərin sayının yerli əhalidən çox olduğu bölgələr arasında ilk iki yeri Yunanıstanın Cənubi Egey adaları və İon adaları tutur.
Araşdırmada əhalisi 150 minlə 800 min arasında olan Avropa İttifaqının “kiçik bölgələri” nəzərdən keçirilib.
Yunanıstanın Kiklad və Dodekanes adalarını, o cümlədən məşhur Santorini və Rodosu əhatə edən Cənubi Egey bölgəsində 2024-cü ildə hər sakinə təxminən 127 turist gecələməsi düşüb.
Həmin il bölgədə 41,5 milyon gecələmə qeydə alınıb. Əhalinin sayı isə təxminən 326-328 min nəfər olub. Bu, Avropa İttifaqının bütün bölgələri arasında turistlərlə yerli əhali arasındakı ən böyük fərq hesab olunur.
İkinci yerdə İon adaları qərarlaşıb. Korfu və Zakintos kimi məşhur turizm istiqamətlərinin yerləşdiyi bu bölgədə hər sakinə 103 gecələmə düşüb. 2024-cü ildə burada 20,5 milyondan çox gecələmə qeydə alınıb, əhalinin sayı isə təxminən 200 min nəfər olub.
Araşdırmaya əsasən, turist sıxlığının yüksək olduğu digər bölgələr İtaliya, Avstriya, İspaniya, Portuqaliya və Xorvatiyada yerləşir.
Turist sıxlığının ən yüksək olduğu 10 Avropa bölgəsi belədir:
Cənubi Egey adaları – Yunanıstan
İon adaları – Yunanıstan
Cənubi Tirol – İtaliya
Adriatik sahili – Xorvatiya
Balear adaları – İspaniya
Krit – Yunanıstan
Tirol – Avstriya
Alqarve – Portuqaliya
Kanar adaları – İspaniya
Zalsburq – Avstriya
Məlumatlar Avropanın məşhur turizm məkanlarında turist axınının yerli əhalinin sayını əhəmiyyətli dərəcədə üstələdiyini göstərir.
Günay
Şərhlər