Bu gün Mingəçevir Gənclər Evində "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası"nın yaratdığı "AzeArt.az" saytının təqdimatı keçirilib.
Qaynarinfo xəbər verir ki, sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılıb.
Tədbirdə QHT, media nümayəndələri, mədəniyyət idarələrinin əməkdaşları, Mingəçevir Dövlət Universitetinin müəllim-tələbə heyəti və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası"nın sədri, internet-media eksperti Səbuhi Abbasov bu layihənin sözügedən sahədə ilk dəfə olaraq reallaşdığını deyib: "AzeArt" interaktiv məlumat mərkəzinin yaradılması mədəniyyət sahəsinin təbliği baxımından olduqca zəruridir. Bu layihə ölkədə bir ilkdir və yerli əhalidən əlavə, xarici turistlər üçün də cəlbedici olacaq. Bu layihə daha çox mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər istiqamətlərinə uyğundur. Layihəmizi dəstəklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik".
Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Tafyel Şükürov çıxış edərək icra başçısı İlham İsmayılovun salamlarını tədbir iştirakçılarına çatdırıb. T. Şükürov bu kimi layihələrin Mingəçevirdə keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib.
Daha sonra tanınmış telejurnalist İnqilab Şirinli çıxış edərək layihənin əhəmiyyətindən danışıb. İ. Şirinli bu kimi innovativ layihələrin ölkəmizin tanıdılmasında böyük rol oynadığını vurğulayıb: "Mən eyni zamanda təklif edirəm ki, bu saytda Qərbi Azərbaycan, Güney Azərbaycan, Zəngəzur bölmələri də açılsın, oradakı abidələrimiz də bu innovativ kataloqa əlavə edilsin".
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva isə çıxışında bu kimi həllərin gənclər üçün çox vacib olduğunu deyib:
"Bu saytı dərindən incələdim, çox xoşuma gəldi. Unutduğum və ya bilmədiyim abidələri bu saytda gördüm. Təkliflərim var, hesab edirəm ki, saytda fotoqalereya olsa, çox gözəl olar. Həmçinin, bəzi yazılarda şriftlər böyük, bəzilərində isə balacadır. Xırda nüanslardır, ancaq düzəlsə yaxşı olar".
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.
Şərhlər