Sənət 11:48 10.05.2023

Müğənnilərimizin “Eurovision” uğursuzluğu: Niyə finala çıxa bilmədik?

Şou-biznes və sənət adamları Azərbaycanın "Eurovision-2023" Mahnı Müsabiqəsinin finalına vəsiqə ala bilməməsinə münasibət bildirib.
 
Müğənni Vasif Məhərrəmli Qaynarinfo-ya açıqlamasında deyib ki, ümumiyyətlə, həmin müsabiqəni izləməyib: "Xəbərim yoxdur, bütün günü tədbirlərdəyəm. Heç izləməmişəm. Bilmirəm orada kim iştirak edib, onların ifasından da məlumatsızam”. 

Müğənni Nadir Qafarzadə də Azərbaycanın final mərhələsinə çıxa bilməməsinə üzülmədiyini vurğulayıb: "Bu il finala çıxa bilmədik, gələn il çıxarıq, burada nə var axı? Heç vaxt ruhdan düşmək lazım deyil”.

Xalq artisti Mübariz Tağıyev isə bu məsələdə xaricdə yaşayan soydaşlarımızı qınayıb: "Uğur həmişə olmur. Hərdən uğursuzluq da olur və buna üzülmək lazım deyil. Bir neçə il bundan əvvəl müsabiqədə 27-ci yerdə idik. Günah xaricdə yaşayan azərbaycanlılardadır, onlar dəstək olmalı idi. Azərbaycanın qalibiyyətindən sonra onlar birləşib bu uşaqlara dəstək verib finala çıxartmalı idi. Bu kimi işlər dəstəksiz olmaz, çox pis oldu”. 

Qeyd edək ki, Böyük Britaniyanın Liverpul şəhərində "Eurovision-2023" Mahnı Müsabiqəsinin birinci yarımfinalı keçirilib. Gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada "Tell me more" mahnısını ifa edən təmsilçilərimiz Turan və Tural Bağmanovlar finala çıxa bilməyib. 

Bahar Rüstəmli