XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mussolininin nəticəsi 100 il əvvəl ulu babasının açdığı stadionda debüt etdi
İdman10:08 26.08.2026

Mussolininin nəticəsi 100 il əvvəl ulu babasının açdığı stadionda debüt etdi

23 yaşlı müdafiəçi Romano Floriani Mussolini İtaliyanın "Latsio" klubunun əsas komandasında ilk rəsmi oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, onun debütü ulu babası, İtaliyanın faşist diktatoru Benito Mussolininin 100 il əvvəl açılışında iştirak etdiyi stadionda baş tutub.

Floriani Mussolini A Seriyasının ilk turunda “Latsio”nun səfərdə “Bolonya”ya qarşı keçirdiyi və 1:0 hesabı ilə qalib gəldiyi matçda meydana çıxıb. O, zədələnən Adam Maruşiçi 19-cu dəqiqədə əvəzləyib. Müdafiəçi meydana daxil olduqdan cəmi üç dəqiqə sonra qayda pozuntusuna görə sarı vərəqə alıb.

Qarşılaşmanın keçirildiyi Bolonyadakı "Renato Dall'Ara" stadionunun bu hekayədə xüsusi yeri var. Arena 31 oktyabr 1926-cı ildə Benito Mussolininin iştirakı ilə açılıb. Faşist diktatoru stadionun açılış mərasimində at belində meydana daxil olub. Onun bu görüntüsü sonradan idman kompleksinin memarlıq ansamblında at üstündəki heykəllə əbədiləşdirilib. Heykəl 1943-cü ildə şəhərin azad edilməsi zamanı sökülüb.

Romada anadan olan Romano Floriani Mussolini “Roma” və “Latsio” futbol akademiyalarının yetirməsidir. O, daha əvvəl “Latsio”nun əsas komandasında oynamayıb. Müdafiəçi əvvəlki mövsümlərdə “Peskara”, “Yuve Stabiya” və “Kremoneze” klublarında icarə əsasında çıxış edib.

Floriani Mussolini Benito Mussolininin ana tərəfdən nəticəsidir. Bununla belə, futbolçu matçlarda “Mussolini” soyadı ilə çıxış etmir. Onun formasının üzərində yalnız adı – Romano – yazılıb.

Aydın