İdman 15:39 21.09.2022

Nadir Nəbiyev: “Qaranın millidə olması lazım idi”

Sabah yığmamız Millətlər Liqası çərçivəsində növbəti matçına çıxacaq - Canni De Byazinin rəhbərlik etdiyi komanda sentyabrın 22-də Slovakiya, 25-də isə Qazaxıstanla qarşılaşacaq. Azərbaycanın tanınmış veteran futbolçularından olan Nadir Nəbiyev həm qarşıdan gələn oyunlar, həm də yığmanın hazırkı durumu və heyəti ilə bağlı düşüncələrini bölüşüb.

Nəbiyev Qaynarinfo-ya açıqlamasında əvvəlcə millimizin yaxşı nəticə göstərəcəyinə ümidinin olduğunu deyib, ancaq:
 
 "Açığı, gözlədiklərim olmadı. Son oyunlarda düşünürəm ki, xallar qazanıb mövqeyimizi düzəldərik. Rəqiblərimiz müəyyənləşəndə ən pis halda ikinci yeri tuta biləcəyimizi düşünürdüm. Düzü, Qazaxıstandan belə oyun gözləmirdim. Əvvəlki oyunlara baxanda hazırda millimizlə bağlı ümidim qalmayıb. Futboldu, hər şey ola bilər. Qarşıdan gələn ilk oyun yaxşı keçsə, növbəti dəfə daha inamlı çıxış edib nəticə qazana bilərik”.

Nəbiyev Qazaxıstanın millimizdən daha üstün olduğunu vurğulayır:

"Əvvəl güclü olduğunu fikirləşmirdim. Amma nəticəyə, turnir cədvəlinə baxanda görürsən ki, durum fərqlidir. Nəticələr onu göstərir ki, Qazaxıstan bizdən daha üstündür. Püşkatmadan sonra mövqeyimizin yaxşı olacağını gözləsəm də, bu olmadı”.

Sabiq hücumçu yığmanın son oyunlarını qiymətləndirib, geriləməyimizin səbəbini izah edir:

"Bunun bir çox səbəbi var. Həmişə məndən soruşanda bunu demişəm ki, rəqabət yoxdur. Bu, şəxsi fikrimdir. Futbolçularda rəqabət olanda özünəinam artır. Döyüşkən komanda yaranır. Bəlkə indən belə rəqabət artacaq, deyə bilmərəm. Düzdür, Belarusla oyunda qələbə qazandıq, bunu təsadüf hesab etmirəm. Qələbə qələbədir. Ancaq istədiyimiz oyunu görə bilmədik. Elə oyun var ki, o qədər də önəmli olmur. Çünki sırf nəticə üçün oynayırsan. Yığmamızda isə nə oyun, nə də nəticə gördüm”.

Keçmiş futbolçu "Yığmanın oyununda hansısa startegiya, istiqamət görürsünüz” sualına cavab verməkdə çətinlik çəkdiyini deyir:

"Hazırda bu suala, həqiqətən, cavab verə bilmirəm. Fikirləşirəm, amma ortaya bir şey çıxara bilmirəm ki, bu nədir? Düşündüyüm yalnız odur ki, komandaların sayı nə qədər artsa, rəqabət bir o qədər çox olar. Əvvəl hər mövqedə bir neçə futbolçu olurdu və onlar arasında mübarizə gedirdi. Heç bir futbolçu öz yerini kiməsə vermək istəmirdi. Hətta çempionatda zədəli halda oynayırdı, yaxud tez sağalıb qayıtmaq istəyirdi ki, ilk növbədə klubundakı, daha sonra yığmadakı mövqeyini itirməsin. Bu gün o rəqabət yoxdur deyə, ilk növbədə yığmaya təsir edir. Görünən odur ki, baş məşqçi yığmada rəqabət yarada bilməyib. Hər dəfə millinin heyətində çox az miqdarda dəyişiklik görürük. 90 faiz eyni heyət olur. Hansısa futbolçu zədəli və ya qırmızı vərəqə cəzalısı olanda dəyişikliklər edilir”.

Yeri gəlmişkən, yığmanın son açıqlanan heyəti, xüsusən də Qara Qarayevin dəvət almaması müzakirələrə səbəb oldu. Bəs Nəbiyev bununla bağlı nə düşünür:

"Açığı gözləyirdim ki, "Turan Tovuz”dan da kimisə dəvət edərlər. Amma heç kimi çağırmadılar. Qara Qarayevin olmaması məni çox təəccübləndirdi. Elə başa düşdüm ki, zədəsi var. Sonradan gördüm ki, zədə ilə bağlı deyil. Sırf məşqçinin qərarıdır. Həqiqətən təəccüblü gəldi”.

Hücumçunun "Qaranın Eddi İsrafilovdan nəyi zəifdir” sualına cavabı isə belədir:

"Zəif olduğunu demərəm. Ümumiyyətlə, müqayisə etmək istəmirəm. "Neftçi”nin oyununa baxanda görürsən ki, Eddi formada olan futbolçudur. Amma Qaranın orada olması lazım idi. Yenə də məşqçinin qərarıdır. Bizə də hörmətlə yanaşmaq qalır. Hər halda milli komandadır, kimin olmasına baxmayaraq, millinin uğurunu gözləyirik”.

Açıqlanan heyətlə bağlı narazılıqlar da var. Məsələn Höccət Haqverdi, Renat Dadaşov kimi futbolçuya ehtiyac olmadığını düşünənlər də var. Bəs sabiq hücumçu nə fikirləşir:

"Renat bildiyim qədər öz klubunda oynayır. Höccət harda oynayır, son oyunlarda meydana çıxıbmı, bundan xəbərim yoxdur. Amma ola bilər meydana çıxıb oynayar və deyərik ki, həqiqətən milliyə layiqdir. Bu gün üçün deyirəm, heyətdə bəzi oyunçuların əvəzinə "Turan Tovuz”dan məsələn, ən azı Şəhriyar Əliyev millidə olmalı idi. Çünki çempionat başlayandan oynayır. Bəlkə də mənə xoş gəlir, bilmirəm. Amma gözləyirdim ki, Şəhriyar təlim-məşq toplanışına dəvət olunacaq. Hər halda məşqçinin qərarıdır”.

Səbuhi Həsənov