"NATO-nun Avropada əlavə nüvə silahı yerləşdirmək planları yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu NATO-nun Nüvə Siyasəti Direktorluğunun rəhbəri Cessika Koks Finlandiyanın "İlta-Sanomat” qəzetinə bildirib.
Onun sözlərinə görə, bu gün Avropa qitəsində nüvə silahının yeni yerləşdirilməsi barədə söhbət getmir. Xanım Koks vurğulayıb ki, NATO-nun nüvə qüvvələri hazırda döyüş hazırlığı vəziyyətində deyil, ona görə də Avropa arsenallarını əlavə nüvə raketləri ilə gücləndirməyə ehtiyac yoxdur.
Cessika Koks bildirib ki, NATO-ya üzv olan Avropa dövlətləri Alyansla müzakirə olmadan öz nüvə arsenallarını müstəqil şəkildə artıra bilməyəcək. Eyni zamanda, o, Avropa liderlərindən heç birinin bu barədə rəsmi açıqlama vermədiyini vurğulayıb.
"Əgər üzv ölkə nüvə missiyasında iştirak etmək istəyirsə, bu, Nüvə Planlaşdırma Qrupu çərçivəsində NATO-da rəsmi şəkildə müzakirə edilməlidir. Məsələn, üzv ölkənin iştirakının bizim nüvə silahı sazişini gücləndirib-gücləndirməyəcəyi və ya başqa risklər yaradacağı məsələsi müzakirə olunmalıdır. Lakin hələlik belə söhbətlərin heç bir əsası yoxdur”, deyə o əlavə edib.
Sentyabrda Britaniya mediası mənbələrə istinadən xəbər vermişdi ki, Amerika taktiki nüvə silahları yenidən Britaniya torpaqlarında yerləşdirilə bilər. Mətbuat ötən il NATO-ya daxil olan Finlandiya ərazisində kiçik nüvə arsenalının yerləşdirilməsinin mümkünlüyünü də müzakirə edib.
Aydın
Şərhlər