"Naxçıvan Dəmir Yolları” MMC qurumda yoxlamaların aparılması ilə bağlı iddialara cavab verib.
Qurumdan Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, depo rəisi kimi göstərilən Ramin Mirzəyevin həbsi ilə bağlı informasiya yanlışdır:
"Mirzəyev Ramin Elşad oğlu "Naxçıvan Dəmir Yolları”nın direktorunun 12 yanvar 2022-ci il tarixli 2 nömrəli əmri ilə həmin MMC-nin Təminat bölməsinin anbardarı vəzifəsinə qəbul edilib. O, öz qulluq mövqeyindən istifadə etməklə 29 avqus 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək Cəmiyyətin rəhbərliyinə məlumat vermədən və Cəmiyyət tərəfindən təsdiqlənmiş sifariş vərəqələri olmadan Naxçıvan şəhərində yerləşən "Alış Veriş Mərkəzi” MMC-nin satış ofisindən yüksək məbləğdə pul vəsaiti dəyərində müxtəlif adlarda mal-material qəbul edərək, "Naxçıvan Dəmir Yolları” MMC-nin anbarına mədaxil etməli olduğu halda, qanunsuz gəlir əldə etmək məqəsdilə Naxçıvan şəhərində yerləşən inşaat materialları mağazasına satmaqla əldə etdiyi pul vəsaitlərini tamah motivi ilə mənimsəyib. "Naxçıvan Dəmir Yolları” MMC tərəfindən faktla bağlı Muxtar Respublika Prokurorluğuna müraciat edilib, Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham edilərək cinayət işi açılıb. İstintaq zamanı Mirzəyev Ramin Elşad oğlu dəymiş ziyanı zərərçəkənə və dövlət büdcəsinə ödədiyindən 07 aprel 2023-cü il tarixdə 23.09.96001 nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilib. Bu müddətdə o, həbsdə olmayıb".
MMC-də yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlarda isə doğruluq payının olduğu bildirilib. Qeyd edilib ki, "Naxçıvan Dəmir Yolları” "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin törəmə təşkilatlarından biridir. Törəmə şirkətlə aparılan işlər razılaşdırılmış plan çərçivəsində icra olunur:
""Naxçıvan Dəmir Yolları” MMC ilə 2023-cü il üzrə razılaşdırılmış hədəflərə əsasən infrastruktur, yol təsərrüfatının sağlamlaşdırılması, hərəkət tərkibi və maliyyə resurslarının səmərəli idarə olunması sahələrində aidiyyəti şöbələr arasında mütəmadi monitorinq və görüşlər keçirilməkdədir və bu işlər hazırda davam etdirilir".
03.05.2013 // 17.53
"Naxçıvan Dəmir Yolları” MMC-dəki yoxlamalar qurumun rəhbəri Mahir Əliyevin işdən çıxarılması və hətta həbsi ilə nəticələnə bilər.
Qaynarinfo xəbər verir ki, MMC-də yoxlamalar yanvar ayından başlayıb və hətta qurumun bir iççisi həbs edilib. Söhbət depo rəisi vəzifəsində işləmiş Ramin Mirzəyevdən gedir.
Həmin vaxt Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, "Naxçıvan Dəmir Yolları” MMC-də bir vəzifəli şəxs tərəfindən dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb. Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı, depo rəisi vəzifəsində işləmiş Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Ramin Mirzəyevin həbsi Mahir Əliyevin də dəmir barmaqlıqlar arasına salınacağına dair mülahizələrə səbəb olmuşdu. Yoxlamaların davam etməsi və bunun ictimai şəkildə elan edilməsi Mahir Əliyevin də həbs ehtimalını artırır.
Muxtar Respublikadakı xüsusi əhəmiyyət daşıyan dövlət qurumlarına əsasən keçmiş Ali Məclis sədri Vasif Talıbova yaxın şəxslərin rəhbərlik etdiyini nəzərə alsaq, Mahir Əliyevin də bu kateqoriyaya aid olduğunu söyləmək olar. Qurumda yoxlamaların aparılması da bununla bağlıdır. Bu baxımdan, Vasif Talıbovla yaxınlıq amili Mahir Əliyevin vəziyyətini çətinləşdirir.
Seyid
Şərhlər