Foto 15:08 15.02.2024

Nazir müavini Kürdəmirdə vətəndaşları qəbul etdi, təsərrüfatlara baş çəkdi

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
 
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov fevralın 15-də Kürdəmirdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Kürdəmir rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. 

Qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin əldə olunması,  suvarmada yaranan çətinliklər və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. 

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Sarvan Cəfərov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb. 

Daha sonra Sarvan Cəfərov rayonun Muradxan kəndində salınmış intensiv meyvə bağına baxış keçirib. Fermer Natiq Qədirov Kürdəmir rayonunda ilk intensiv meyvə bağını 2 hektar sahədə 1996-cı ildə saldığını, hazırda meyvə bağının sahəsinin 70 hektara çatdırıldığını deyib. Damlama suvarma sistemi ilə təchiz olunmuş bağlarda hazırda mövsümə uyğun olaraq cərgəarası şum və quru budama işləri aparılır. Fermer bu il iki hektar sahədə eksperiment məqsədilə püstə bağı saldığını qeyd edib. Bağın məhsulları xarici bazarlara ixrac olunur, bir hissəsi isə daxili bazara çıxarılır. 
Bildirilib ki, son vaxtlar Kürdəmir rayonunda intensiv bağçılığa maraq artıb. Hazırda rayon üzrə müasir üsulla salınmış bağların sahəsi 470 hektara çatıb. 

Fermer Natiq Qədirov eksperiment məqsədilə istixana şəraitində rokka və kahı yetişdirdiyini bildirib. 

Nazir müavini bağda quru budama işləri ilə tanış olub, dərman və gübrələrin saxlandığı əraziyə, su anbarına, texnikalara baxış keçirib, tövsiyələrini verib. 

Daha sonra nazir müavini Sorsor kəndi ərazisində yerləşən taxıl sahələrinə baş çəkib, fermerlərlə görüşüb. Fermer Hatəm Şirinov bu il üç hektar sahədə taxıl əkdiyini, aqrotexniki tədbirləri qrafikə uyğun həyata keçirdiyini deyib. O bildirib ki, bu il aqrotexniki tədbirlərin vaxtında aparılması səbəbindən sahəsində siçanabənzər gəmiricilərlə sirayətlənmə halı müşahidə olunmayıb. Bu il kənddəki əkin sahələrində yalnız yonca sahələrində sirayətlənmə olduğunu deyən fermer həmin ərazilərdə dövlətin pulsuz verdiyi dərmanlarla bitki mühafizə tədbirlərinin aparıldığı qeyd edib. 

Bildirilib ki, bu il Kürdəmir rayonunda 41 min hektara yaxın ərazidə taxıl əkilib. Payızlıq əkinlərə görə fermerlərə subsidiya ödənişləri həyata keçirilib. Hazırda ödənişlərin həcmi rayon üzrə taxıl əkini aparmış fermerlərin 90 faizindən çoxunu əhatə edir. Seçmə üsulla aparılan monitorinqlər artıq başa çatmaq üzrədir, monitorinqlərin nəticələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra rayon üzrə subsidiya ödənişləri tam başa çatacaq. 

Nazir müavini fermerlərin üzləşdikləri çətinliklərlə maraqlanıb, alaq otuna, gəmirici və zərərvericilərə qarşı davamlı mübarizənin əhəmiyyətini vurğulayıb, öz tövsiyələrini verib.