Xəbər lenti

İdman 17:43 10.08.2023

"Neftçi" və "Sabah"ın şansları çox deyil, "Qarabağ" isə..." - Aslan Kərimov

"Bəlkə də UEFA-da ilk dəfədir ki, eyni gündə bir şəhərdə 3 oyun olur. Azarkeşlər üçün bu o qədər də yaxşı deyil. Çünki hər 3 matçın çox maraqlı keçəcəyi gözlənilir". 

Bu sözləri Qaynarinfo-ya futbol veteranı Aslan Kərimov klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirərkən deyib. 50 yaşlı mütəxəssisin fikrincə, klublarımızın arasında "Qarabağ"ın mərhələ adlamaq şansı daha yüksəkdir:

"Qarabağ"ın HİK-i keçmək şansı daha yüksəkdir. Çünki Skandinaviya ölkələrinin futbolu "Qarabağ" üçün o qədər də təhlükəli deyil. Ancaq düşünürəm ki, rəqib tipik skandinav futbolu oynamayacaq. HİK-in heyətində bir çox legioner oyunçular var. Ancaq mənə elə gəlir ki, "Qarabağ"ın hücum xəttindəki futbolçular və hava şəraiti HİK-ə çətinlik yaradacaq və "Qarabağ" Bakıda qalib gələcək. İkinci oyun haqqında isə ilk matça baxdıqdan sonra fikir bildirə bilərik". 

Mütəxəssisin fikrincə, "Neftçi" ilə "Sabah"ın şansları bərabərdir:

"Çünki hər ikisinin rəqibi həddindən artıq güclüdür. "Beşiktaş" ötən mövsüm "Qalatasaray" və "Fənərbağça"dan biraz geridə qalsa da, heyətində ulduz futbolçular var. Onların oyun təcrübəsi "Neftçi"yə qalib gəlməkdə "Beşiktaş"a kömək olacaq. "Neftçi" ölkə çempionatının ilk turunda məğlub olduqdan sonra bu matça psixoloji basqı altında çıxacaq. Daha zəif rəqib olsa idi, "Kəpəz"ə məğlubiyyəti unutdurmaq olardı. Amma "Beşiktaş" kimi bir rəqibə qarşı çətin olacaq. İlk qarşılaşmada bərabərliyə ümid etmək olar. Amma qələbəyə inamım yoxdur. Çünki "Neftçi"nin müdafiə xəttində çox boşluqlar var və "Beşiktaş" qol imkanları yarada bilər. Yəni, "Neftçi"nin qələbə qazanması o qədər də real görsənmir. 

Mətbuatdan aldığım məlumata görə, "Sabah" "Partizan"la oyunda Coy-Lans Mikelsin xidmətindən istifadə edə bilməyəcək. Komandanın hücum potensialı biraz aşağı düşəcək. Çünki Mikels çox sürətli oyunçudur. Ancaq o, meydana olsa belə, "Partizan" qarşısında "Sabah"ın şansı azdır. Çünki "Partizan" çox aqressiv, texnikalı oyunçulara malik komandadır. Serb futbolunu hamımız bilirik. Dünyanın bir çox klubunda serbiyalı futbolçular çıxış edirlər. "Partizan" isə ölkəsinin iki ən yaxşı klubundan biridir. "Partizan" və "Srvena Zvezda" çətin rəqibdirlər. Bu iki klubun yetirmələri Avropanın bir çok komandalarında oynayırlar. Ona görə də "Partizan" sürətli, istedadlı oyunçulara malikdir. "Sabah"ın isə Latviya təmsilçisi RFS ilə oyunda müdafiədə boşluqlarını, yaratdıqları qol imkanlarını boşa vermələrini, təcrübəsiz olduqlarını gördük. Bəlkə də hava şəraitini, rəqibin bizə qarşı ehtiyatlı davranmasını nəzərə alsaq, evdə heç-heçə etmək olar. Amma cütün taleyindən danışsaq, "Sabah"ın da şansları "Neftçi" kimi çox deyil". 

Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə ilk görüşü avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq. Avqustun 17-da Helsinkidəki "Bolt Arena”da reallaşacaq cavab matçı isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Sabah"la "Partizan” arasında ilk matç avqustun 10-da Masazırdakı "Bank Respublika Arena”da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Bu komandaların ikinci qarşılaşması avqustun 17-də Belqraddakı "Partizan” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Beşiktaş” ilə ilk oyunu avqustun 10-da saat 21:00-da "Neftçi Arena”da, cavab matçı isə ayın 17-də Bakı vaxtı ilə saat 21:00-da "Beşiktaş” stadionunda keçiriləcək.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->