Ölkə 15:58 20.06.2022

"Oğlum Əsgər Ağazadə üçün ədalət istəyirəm" - "Sənay Qəhrəmanlı işi" ilə bağlı ilginc açıqlamalar

Feminist fəal Sənay Qəhrəmanlının xalası oğlu Əsgər Ağazadə tərəfindən cinsi təcavüzə məruz qalması iddiası ilə bağlı cinayət işinin məhkəmə istintaqı davam edir. İyunun 8-də keçirilən növbəti prosesdə ekspertiza rəyi açıqlanıb. Əsgər Ağazadənin valideynləri Sürəyya Ağayeva və Yusif Ağayev ekpertiza rəylərinə istinad edərək olayın qondarma olduğunu bildirir, övladlarına qarşı ittihamların məqsədli xarakter daşıdığını deyirlər. Sürəyya Ağayevanın sözlərinə görə, son ekspertizaların nəticələri də Əsgər Ağazadənin günahsız olduğunu sübut edir:

- İyun ayının 8-də keçirilən məhkəmə prosesində son genetik ekspertiza rəyi açıqlandı. Məhkəmə Tibbi Ekspertiza Mərkəzindən Biologiya şöbəsinin müdiri Elşən Məmmədov gəlmişdi. Həmin rəyə görə, istintaqa təqdim olunan alt paltarlarında spermatozoid aşkar edilməyib. Həmin paltarlarda kişi cinsinə aid "Y” xrtomosomu aşkar edilməyib. Orada Əsgər Ağazadəyə aid heç bir bioloji materiala rast gəlinməyib. Maraqlıdır ki, genetik ekspertizada iki müxtəlif qadına aid DNT aşkarlanıb. Həmin DNT profillərindən biri Sənay Qəhrəmanlıya aiddir. Digərinin isə kimə aid olduğunu bilmirik. İlkin olaraq deyirdilər ki, Əsgər qıza narkotik maddə verib, onu bu vasitə ilə bihuş edərək zorakılıq hərəkətləri edib. Amma qanın kimyəvi analizi nəticəsində qızın qanında narkotikaya aid heç nə tapmayıb. Qızın qanında yalnız 1.1 faiz promil etil spirti aşkar edilib. 

İddia edilən hadisə 2020-ci ildə avqustun 24-dən 25-nə keçən gecə baş verib. Avqustun 28-i günorta saat 14 radələrində isə Sənaydan qan analizi götürülüb. Tapılan 1.1 faiz promil etil spirti yalnız qanda aşkarlanıb. Əgər bu spirt iddia edilən vaxtda içilmiş olsaydı, onda sidikdə də tapılmalıydı. Amma yalnız qanda aşkarlandığı üçün, şər məqsədi ilə ekpertizadan az əvvəl içildiyini göstərir.  Allah böyükdür, hiylənin üstü açılıb.

- Qarşı tərəf də ilk günlərdə bir rəy açıqlamışdı...

- Ümumiyyətlə bu günə qədər bir bioloji, iki genetik ekspertiza keçirilib. Bunların hər üçü eyni yerdə - Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomik Birliyində və eyni PSA aparatında (SERATES PSA SEMİQUANT) keçirilib. Qarşı tərəfin dediyi ekpertiza rəyi həmin mərkəzdə keçirilən ilkin bioloji ekpertizadır. Ekspert Zaur Kərimov qızın alt paltarında tapılan PSA-nı sperma qarışıq qan ləkələri kimi qeyd edib. Bu ləkələrdə iki bioloji material tapılıb. Biri Sənay Qəhrəmanlıya aiddir. İkincisinin isə kişiyə, yəni Əsgər Ağazadəyə aid ola biləcəyini ehtimal edib. Məhz ehtimal edib. Üstəlik, həm də həmin rəydə qeyd edib ki, bu ləkələrin hansı tarixdə əmələ gəlməsi ilə bağlı elmi əsaslandırılmış cavab vermək mümkün deyil. Sonradan elə həmin mərkəzdə, elə həmin aparatda keçirilən genetik ekspertizalar da məhz qoyulan suallara daha dəqiq cavablar tapmaq üçün idi. Və məlum oldu ki, tapılan ikinci bioloji material əslində heç kişiyə aid deyilmiş. Biz məhkəmədə də bu sualı həmin mərkəzin şöbə müdiri Elşən Məmmədova verdik. Soruşduq ki, elə idisə niyə ilkin rəydə ikinci bioloji materialın kişiyə aid ola biləcəyini ehtimal etmişdiniz. Dedi ki, bizim heç ağlımıza gəlmədi ki, o, ikinci qadına aid ola bilər. İşin elmi tərəfinə gəldikdə isə, tapılan ləkədə PSA-nın miqdarı 4 nanoqram millidən kiçik olub. Bu, həm kişi, həm qadın orqanizmində PSA-nın yalnız qanda rast gəlinən miqdarıdır. Əgər o ləkələrdə kişi sperması olsaydı, orada PSA-nın miqdarı 500 mindən 50 milyona qədər olmalıydı! 
 


Digər tərəfdən elə həmin ilkin rəydə o da qeyd olunur ki, alt paltarında tapılan qan uşaqlığın daxili divarından axan qandır. Yəni, bu bakirəliyin pozulması qanı deyil.  İstintaqda artıq bütün bunlar protokollaşdırılıb. 

- Hadisə barədə məlumat yayılanda bildirilirdi ki, həmin gün Əsgər Ağazadənin bibisi oğlu gəlib və ona narkotika verib.

- Əsgər Ağazadənin iki bibisioğlu var. Hər ikisinin adı çəkilirdi. İstintaqda hər ikisi dindirilib, qanları ekspertizadan keçirilib. Deyilənlərin heç biri təsdiqini tapmayıb.

- Zümrüd xanım səs yazısı yaymışdı ki, qardaşınız Əsgərlə Sənayı evləndirməyi təklif edib.

- Biz azərbaycanlıyıq. Bu söhbət açılanda yəqin qardaşımızın ağlına ilk gələn də bu fikir olub. Amma biz də Zümrüdün evinə getmişdik və aramızda elə söhbət olmayıb. Görünür o qardaşımın fikri olub, bir azərbaycanlı kimi.

- Qohumlar baş verənlər barədə nə düşünür?

- Biz çoxuşaqlı ailəyik. 5 bacım, 2 qardaşım var. Zümrüddən başqa hamı mənim yanımdadır. Bütün ailə, nəsil, qohum-əqrəba mənim yanımdadır. Hətta mənə qohumlardan demişdilər ki, Zümrüddən uzaq dur. Bir gün sizi də şərləyəcək. Yəqin ki, bu onların ilk işi olmayıb.

- Zümrüd xanım sizin bacınızdır, ona görə də ictimaiyyət onun sizə iftira atdığına bir qədər şübhə ilə yanaşır. Əgər doğrudan da ortada böhtan varsa, səbəb nədir?

- Bu hadisədən əvvəl Zümrüdün böyük qızı Selcan xaricə kursa getmişdi. Atası Fuad ona dişi ilə, dırnağı ilə 28 min manat pul ödəmişdi. Qız xaricə gedəndən 1 həftə sonra atasını şərlədi. Atasına elə şey edən qızlar mənim oğluma niyə etməsin ki?! Bunlara "keys" lazım idi. Sənay da Əsgərə deyirmiş ki, Selcan çox məşhurlaşıb, indi onu hamı tanıyır, amma məni heç kim tanımır. Onlar üçün reklamın yaxşısı-pisi yoxdur. Bu onlar üçün reklamdır. 

Bilirsiniz, Zümrüd gözləyirdi ki, Sənay xaricə getsin. Bunu özü də deyib. Bildirib ki, gözləyirdim ki, Sənay xaricə getsin, sonra ictimailəşdirim. Sənay xaricə gedəndən bir həftə sonra ictimailəşdirdilər. Zümrüdün ailə vəziyyəti yaxşı deyildi. Çox yollar axtarırdı. Bu uydurma olay onun üçün ən böyük keys oldu. 

- Hazırda iş nə yerdədir?

- Bütün şahidlər dindirilib. Bizim ailədən şahid mən, yoldaşım və qardaşım idi. Ümumilikdə 20 şahid var idi. Onlardan üçü ekspert idi. Digər şahidləri qızın anası Zümrüd dəvət etmişdi. Hətta çağırdıqları psixoloqdan soruşdular ki, qız sizin yanınıza gəlib. Bununla bağlı audio-video qeydiniz varmı? Ortaya heç nə çıxmadı. Sonra maşın ustasını çağırdılar. Guya həmin gün Zümrüdün maşını xarab olubmuş. Maşın ustası da dedi ki, maşını işə saldım, heç bir problem yox idi. Sonra dedilər qeyri-leqal olaraq ginekoloq yanına aparmışıq. Həmin ginekoloq da gəldi və dedi ki, mən baxmamışam. Bir sözlə, qarşı tərəfin çağırdığı şahidlər belə onların iddialarını təsdiqləyəcək heç bir ifadə verməyiblər. İndi qalıb bircə Sənayın özünün ifadəsi. Uzun müddətdir ki, məhkəmə Sənayın gəlib ifadə verməsini tələb edir. Anası Zümrüd isə Riqada təhsil aldığını, gələrsə, onun təhsil hüququnun pozulacağını iddia edirdi. İndi isə məlum olur ki, Sənay əslində İstanbuldadır, üzvü olduğu LGBT təşkilatı ilə birgə, öz təbirləriylə desək, "Qürur ayı"na hazırlaşır. Əlimizdə olan video görüntülərdə də görünür ki, Sənay həmin təşkilatın üzvləri ilə birgə İstanbulda küçə divarlarına qardaş ölkə prezidenti Ərdoğana qarşı şüarlar yazmaqla məşğuldur, nəinki Riqada təhsil almaqla.
 


İstəyirik ki, məhkəmə ədalətlə yekunlaşsın, əsassız şəkildə saxlanılan, səhhətində ciddi problemləri olan oğlum öz evinə dönsün. Qarşı tərəf məsələni öz məqsədləri naminə siyasiləşdirməyə çalışır, Azərbaycan əleyhinə olan beynəlxalq təşkilatlara saxta, yalanşı informasiyalar ötürür, həm Azərbaycan dövlətinə təzyiq etməyə, həm də özlərinə yeni qrant mənbələri düzəltməyə çalışırlar. Ortalıqda isə heç bir günahı olmayan oğlumuz qurban gedir. Artıq cəmiyyət də bilsin ki, oğlumuzun heç bir günahı yoxdur. Biz artıq bunu sübut etmişik. Son ekspertiza rəyləri də bunu göstərir. 

Mən mətbuat vasitəsi ilə ölkə rəhbərliyindən də xahiş edirəm ki, Zümrüdün və ətrafındakı qaragüruh. özlərini feminist adlandıran dəstənin siyasi şantajlarına görə, oğlum növbəti dəfə də qurban verilməsin. Biz ədalət istəyirik.