Hüseynbala Səlimov
Siyasət 09:45 03.10.2022

Putin niyə tələsir?

İşğal olunmuş ərazilərdə, müharibənin bitmədiyi coğrafiyalarda referendum keçirmək – Rusiyanın bu cəhdləri təkcə beynəlxalq hüquqa deyil, adi məntiqə zidd olmasıyla da diqqəti cəlb edir. 

Bəli, ötən həftə Kreml Şərqi Ukraynada keçirilən referendumları tanıyaraq bu əraziləri öz torpaqlarına qatdı. Amma onun özündən başqa bu referendumların nəticələrini kim tanıdı? Doğrusu, biz bu konteksdə hər hansı pozitiv bəyanat eşitmədik, əksinə, BMT Baş katibindən tutmuş NATO-nun Baş katibinə kimi hamı Kremlin bu qərarını pislədi. Amma burada maraqlı olan başqa detaldır.

Putin niyə belə tələsir? Axı müharibə hələ davam edir! Birincisi, prezident Putinin qismən mobilizasiya haqqındakı son qərarı göstərdi ki, Rusiya cəmiyyətinin heç də hamısı Ukraynada aparılan müharibəni dəstəkləmir və ən əsası da onda iştirak etmək istəmir. İnsanlar qaçırlar – Gürcüstandan tutmuş Finlandiyaya qədər bütün ölkələrə... Elə bu günlərdə Gürcüstan sərhədində 23 kilometrlik növbə yaranmışdı. 

İkincisi, Putin cəmiyyətin ovqatını bilir. Gözəl dərk edir ki, insanların əksəriyyəti müharibə istəmir və ən başlıcası da onun bu qədər uzanmasından narazıdır. Zarafat deyil, müharibənin yeddinci ayı tamam oldu, üstəlik, ən optimist təhlilçilər belə onun tezliklə bitəcəyini güman etmirlər. Ona görə də Putinə nəticə lazımdır, o "qələbə” immitasiya etməli, öz cəmiyyətinə nikbin notlar aşılamalıdır.

Üçüncüsü, bu müharibədə Putinin əsas məqsədlərindən biri də Krımı quru yolla Rusiyaya birləşdirmək idi. O, özünü buna nail olmuş hesab edir və o səbəbdən də mesaj verir ki, Ukrayna ərazisinin bundan artığına iddia etmək fikri yoxdur. Həm də bütün Ukraynanı işğal etmək həm mümkün görünmür, həm də Moskvanın maraqlarına cavab vermir. Bircə anlığa təsəvvür edək ki, Kreml bütün Ukraynanı işğal edib və orada öz "dost hakimiyyət”ini bərqərar edib! Belə halda bir problem yaranır: axı dostlar biri-birinin ərazilərinə iddia etmirlər. Təxmini situasiya Gürcüstanla yaşanmışdı. Mixeil Saakaşvili hakimiyyətdən getdi və Gürcüstanda rusyönümlü siyasi qüvvə hakimiyyətə gəldi. Amma gəl ki, bununla heç nə dəyişmədi, Tiflislə Moskva dost olmadı, çünki bu halda Kreml Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytarmalı idi, bu isə Kremlin planlarına daxil deyil – Moskva qənimətləri geri qaytarmağı sevmir...

Bəs prosesin sonu necə görünür? Müharibə davam edəcək, çünki bunu təkcə Ukrayna yox, onun müttəfiqləri də istəyir. Amma Qərb həlledici addımlarla hələ tələsmir, NATO-nun Baş katibi hər çıxışında bəyan edir ki, NATO ölkələri müharibədə tərəf deyil. Bu günlərdə deyildi ki, Kiyev sürətləndirilmiş şəkildə NATO-ya daxil olmaqçün müraciət edib. Lakin Brüssel tələsmir, hər dəfə "Alyansın qapıları açıqdı” deyir, amma gəl ki, Ukrayna kimi postsovet ölkələrini qapının kəndarında saxlamağı sevir. 

Qarşıdan soyuq payız və qış gəlir. Rusiya daha çox buna ümidlidir. Amma burada da yanılırlar. Tarixdə dəfələrlə olub ki, daha kasıb və daha az təchiz olunmuş ölkə son nəticədə müharibəni udub. Rusiyanın öz tarixində də belə hal olub. Görən, ruslar bunu niyə unudur?..

Hüseynbala Səlimov