Xəbər lenti

Ölkə 21:21 14.09.2024

"Qarabağ Universitetini təsadüfən seçməmişəm" (FOTO/VİDEO)

"Qarabağ Universitetini təsadüfən seçməmişəm.Uşaqlıqdan, ağlım kəsəndən Qarabağın ermənilər tərəfindən işğal olmasına dözə bilmirdim. Məktəbimizdə keçirilən bütün vətənpərvərlik tədbirlərində fəal iştirak edirdim. Bir sözlə Qarabağı görmək uşaqlıq arzum idi. İndi o arzuma çatmışam. Qarabağ Universitetinin hüquqşünaslıq fakültəsinin ilk 60 tələbəsindən biri olacağam".

Bu sözləri Bizim.Media-ya Qusar rayonunun Professor Kərim Kəromov adına Hil kənd tam orta məktəbinin bu ilki məzunu Elina Edik qızı Əhmədova deyib. Onun sözlərinə görə 2020-ci ilin 27 sentyabrında Azərbaycanda heç bir dövlətdə olmayan "Dəmir yumruq"silahı ilə Ali Baş Komandanımız İlham Əliyev və igid oğullarımız əks hücuma keçərək tarixi Qarabağımızı bizə qaytardılar:

"Həmin gündən Qarabağa getmək arzum daha da gücləndi. Qarabağ Universitetini bitirəndən sonra bir hakim kimi qalıb elə orada işləmək istəyirəm, haqq-ədalətin bərpasına öz qüvvəmi qatmaq arzusundayam”.

Qusarın Hil kəndində sadə bir ailədə doğulan Elina ilk övladdır. O təhsil aldığı Hil kənd məktəbində mövcud olan rekord nəticədən də irəli gedib. Bildirib ki, 14 il idi ki, məktəblərində ali məktəbə qəbulun ən yüksək rekordu 601 bal olub. "Çox xoşbəxtəm ki, məktəbimizə rekorddan da rekord nəticə gətirdim” deyə Elina söyləyir.

Qusarlı məzunun sözlərinə görə tələbələrin sentyabrın 16-dan Qarabağ Universitetinə hissə-hissə göndərilməsinə başlanılacaq:

"Hüquqşünaslıq fakültəsinin ilk tələbələri olaraq biz sentyabrın 17-də Xankəndiyə yola düşəcəyik. Həmin həftə Xankəndi şəhəri və Qarabağ Universiteti ilə tanışlıq olacaq. Dərslərə isə sentyabrın 23-də başlayacağıq”.

Qeyd edək ki, Qusar rayonundan daha 3 orta məktəb məzunu Qarabağ universitetində oxumaq şansını qazanıb. Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin Qusar sektorundan saytımıza verilən məlumata görə Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbin məzunu Nəzrin İlyasova 502 balla Beynəlxalq münasibətlər, Zindan Muruq kənd tam orta məktəbinin məzunu Gülarə Mançarova 470 balla İbtidai sinif müəllimi, Urva kənd tam orta məktəbinin məzunu Ruslan Poladov isə 387 balla İnşaat mühəndisliyi fakültələrinə qəbil olunublar.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->