Amal Abuşov
İdman 14:41 09.02.2023

“Qarabağ”, yoxsa “Sabah”?

Bu sual hardan çıxdı deməyin. Cümə günü Misli Premyer Liqasında 22-ci turun görüşləri start götürəcək. Təkcə bu turun yox, bütövlükdə üçüncü turun mərkəzi görüşü "Azərsun Arena”dadır. Turnir cədvəlinin lideri "Qarabağ” doğma meydanda "Sabah”ı qəbul edəcək. Bu görüşün nəticəsi təkcə "Qarabağ”la "Sabah”ın özü üçün yox, bütövlükdə çempionatımız üçün vacibdir. Niyəsini yazının davamında qeyd edəcəyəm.

Hal-hazırda "Qarabağ” 57 xalla turnir cədvəlinin lideridir. "Sabah” isə 52 xalla "Qarabağ”ın ən yaxın izləyicisidir. Üçüncü pillədəki "Neftçi” isə bu iki komandadan xeyli geri qalır. Məlumat üçün bildirim ki, ölkənin ən qocaman klubu 21 oyuna cəmi 44 xal toplamağı bacarıb. Bu isə o deməkdir ki, "ağ-qaralar” lider "Qarabağ”dan 13, ikinci yerdəki "Sabah”dan isə səkkiz xal geri qalır. Riyazi cəhətdən "Neftçi” nəinki "Sabah”ı, hətta "Qarabağ”ı üstələyə bilər. Çünki çempionatın sonuna hələ 15 tur var. Deməli, "ağ-qaralar” mümkün 45 xalı toplayıb, rəqiblərin büdrəməsi sayəsində ilk pilləyə yüksələ, mövsmün sonunda çempionluq kubokunu başı üzərinə qaldıra bilər. Amma Azərbaycan futbolu, klublarımızın vəziyyəti ilə az-çox tanış olan hər kəs yaxşı başa düşür ki, bu ehtimal reallıqdan çox uzaqdır. Ona görə də mütəxəssislər "Neftçi”ni çempionluq mübarizəsinin içində hesab etmir, "qızıl medal savaşı”nın "Qarabağ”la "Sabah” arasında gedəcəyini əminliklə proqnozlaşdırırlar.

Afişaya baxan bitərəf azarkeşlərin əksəriyyəti "Qarabağ”ı bu görüşün favoriti adlandırar, "Sabah”ın "Azərsun Arena”dan xalla qayıtmaq şansının olmadığını deyər. Reallıq budur ki, "Qarabağ” "Sabah”dan xeyli güclü görünür. Ağdam təmsilçisinin ən böyük üstünlüyü təcrübəsi və sabitliyidir. "Köhlən atlar” son illərdə təkcə Azərbaycan futboluna möhür vurmayıblar, onlar Avropada da əməlli-başlı səs-küy salıb, diqqətləri üzərinə çəkib. Amma Murad Musayevin gəlişindən sonra "Sabah”ın simasında, oyununda, nəticələrində ciddi dəyişiklik var. Məhz bu müsbət dəyişikliklərin sayəsində bu gün "Sabah” "Qarabağ”ın ən yaxın izləyicisidir və çempionluq mübarizəsində şanslı hesab olunan iki klubdan biridir. Bəs bu şanslar nə dərəcə realdır? "Sabah” "Neftçi”nin iki il bundan əvvəlki qəhrəmanlığını təkrarlayıb, "Qarabağ”ı taxtdan sala bilərmi? 

Bu suala birmənalı cavab vermək çətindir. Məsələ işin təkcə riyazi tərəfində deyil. "Sabah”ın topladığı 52 xal ciddi nəticədir. Masazır təmsilçisi bu mövsüm cəmi bir dəfə meydanı xalsın tərk edib ki, o da elə "Qarabağ”a qarşı keçirilən oyunda, özü də indiki kimi "Azərsun Arena”da baş verib. Xeyli gərgin və bolqollu oyunda "Qarabağ” "Sabah”ı 4:3 hesabıyla məğlub etmişdi. Tarixin təkrarlanacağını əminliklə demək olmur. Məsələ ondadır ki, qış fasiləsindən öncə çətin günlər keçirən, həm çempionatda, həm də kubok mübarizəsində "qara zolaq”da olan "Sabah” fasilədən əla yararlanıb. Fasilə bitəndən bəri "Sabah” əla çıxış edir, komanda nəinki büdrəmir, heç qapısından qol da buraxmır. Bu müddət ərzində "Neftçi”, "Qəbələ” və "Səbail”i "quru” hesabla məğlub etmək mümkün olub. Məhz bu nəticələrə baxanda bir qədər tərəddüd edir, dəqiq fikir söyləməyə çətinlik çəkirik. 

Amma az əvvəl qeyd etdiyimiz çox vacib bir məqam var. O da "Qarabağ”ın təcrübəsidir. İki mövsüm bundan əvvəl baş verənlərdən nəticə çıxarılıb. Qurban Qurbanov yaxşı başa düşür ki, hər şeyi sonuncu tura saxlayıb, riski artırmaq olmaz. Bir halda ki, beş xallıq var. "Qarabağ” bu tur həmin fərqi ya səkkizə çıxarmalıdı, ya da onu qorumağa çalışmalıdır. "Köhlən atlar” doğma meydanda əsas rəqibə uduzarsa, aradakı fərq ikiyə düşəcək ki, bu da ağrımayan başa dəsmal bağlamaq deməkdir. Çünki fərqin azalması "Qarabağ” üçün əlavə psixoloji gərginlik yaradacaq. İrəlidə isə komandanı "Gent”lə ağır sınaqlar da daxil olmaqla gərgin qrafik gözləyir. Bu qrafik öncəsi fərqin azalsmasına yol vermək heç də yerinə düşməz. "Sabah” isə mövsmün ən çətin sınağını verməli, Murad Musayevin asanlıqla dilə gətirmək istəmədiyi çempionluq iddialarının nə qədər ciddi olduğunu göstərməlidi. 

Yaşayaq, görək gərgin 90 dəqiqənin sonunda sevinən tərəf kim olacaq. Ən əsası çempionatımızın bəzəyinə çevriləcək, izləyənlərin zövq alacağı, hakim xətalarından uzaq bir qarşılaşma olması ümidi ilə...

Amal Abuşov