Dünya 23:50 12.02.2024

Qərb daha Rusiyadan qorxmur, Ukraynadansa bezib - DW

Avropa liderlərinin Rusiya ilə NATO arasında birbaşa müharibə təhlükəsinin artması ilə bağlı xəbərdarlıqlarının əksinə olaraq, son bir ildə sadə avropalılar Rusiya Federasiyasından daha az qorxmağa başlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransında təqdim olunan "Münhen Təhlükəsizlik İndeksi” hesabatında deyilir.

Ötən payızda aparılan əhali sorğuları göstərir ki, bir çox Qərb ölkələrinin sakinləri üçün Rusiya Federasiyası artıq təhlükələr siyahısında birinci yerdə deyil. Hesabatda deyilir: "Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı demək olar ki, bütün göstəricilər, o cümlədən təcavüzkarın nüvə silahından istifadə etməsi (təhdid) və enerji təchizatında fasilələr azalıb.

Bu dəyişikliklər Almaniyada xüsusilə nəzərə çarpır. Bir il ərzində almanların qəbulunda Rusiya əsas təhlükələr siyahısında birinci yerdən yeddinci yerə düşüb. Lakin ilk yerləri "müharibələr və iqlim dəyişikliyi səbəbindən kütləvi miqrasiya”, "radikal İslam terrorizmi” və "kiberhücumlar” kimi təhdidlər tutub. Oxşar hisslər Fransada hökm sürür, İtaliyada isə Rusiya əsas təhlükələr siyahısında 12-ci yerdədir.
ABŞ-da Rusiya əsas təhdidlər arasında dördüncü yeri tutur: ilk üçlükdə "kiberhücumlar”, "cəmiyyətin qütbləşməsi” və Çin (üçüncü mövqe) yer alır. 

Böyük Britaniya və Yaponiya bu tendensiyadan kənardadırlar. Yalnız "qlobal Qərb”in bu iki ölkəsində Rusiya əsas təhlükələr siyahısında hələ də birinci yerdədir.

Çin, Hindistan və Cənubi Afrikada əhali Rusiyaya təhlükə yox, müttəfiq kimi baxır. Braziliyada əhali "qərarsızdır”, Rusiyaya münasibət ikiqütblüdür.

Eyni zamanda, sorğular "Ukrayna yorğunluğunun” ortaya çıxdığını qeyd edib. G7 ölkələrində əhali arasında Ukraynaya yardımın genişləndirilməsi, ağır silahların tədarükü və ya Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi üçün ictimai dəstək azalır.

Alpər