Xəbər lenti

Ekonomiks 16:29 22.07.2025

"Rabitəbank"da yeni təyinatlar

"Rabitəbank” ASC-də iki yeni təyinat həyata keçirilib. Bankın "Risklərin idarə edilməsi” departamentinə Cavidan Eldarlı, "Daxili audit” departamentinə isə Samir Salmanlı direktor vəzifəsinə təyin olunub.

Maliyyə və risklərin idarə edilməsi sahəsində dərin bilik və zəngin təcrübəyə malik olan Cavidan Eldarlı, bu sahədə həm yerli, həm də beynəlxalq müstəvidə uğurlu fəaliyyət göstərib. O, 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin "Xüsusi İstedadlar Qrupu”nda bakalavr, 2015-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. Ardınca, 2016–2020-ci illər ərzində doktorantura təhsili alaraq elmi fəaliyyətini davam etdirib.

O, ABŞ hökumətinin SUSI təqaüd proqramı çərçivəsində Alabama Universitetində sertifikat proqramında iştirak edib, 2016–2017-ci illərdə isə "Erasmus Mundus” proqramı ilə Yunanıstanın Aleksandr Texniki Təhsil İnstitutunda elmi fəaliyyətini davam etdirib. Eyni zamanda, Böyük Britaniyanın nüfuzlu ACCA proqramı üzrə 10 pilləni uğurla tamamlayaraq beynəlxalq maliyyə standartları sahəsində ixtisaslaşıb. Cavidan Eldarlı bir sıra nüfuzlu qurumlarda məsul vəzifələrdə çalışmaqla yanaşı, 2019-cu ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur.

Digər təyinat isə Samir Salmanlı "Rabitəbank” ASC-nin Daxili Audit departamentinin direktoru vəzifəsinə təyin olunub. Audit və maliyyə sahəsində 20 ildən artıq təcrübəyə malik olan Samir Salmanlı 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini fərqlənmə ilə bitirib.

O, peşəkar fəaliyyəti dövründə "Aqrarkredit” BOKT QSC, "AGBank” kimi maliyyə qurumlarında müxtəlif vəzifələrdə çalışıb, audit və kreditləşmə sahəsində yerli və beynəlxalq sertifikatlar qazanıb. 2020-ci ilin sentyabr ayından "Rabitəbank” ASC-nin Daxili Audit departamentində şöbə rəisi kimi fəaliyyətə başlayan Samir Salmanlı, 2022-ci ildən 2025-ci ilin iyuluna qədər həmin departamentin direktor müavini vəzifəsində çalışıb.

Bu təyinatlar "Rabitəbank”ın korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi, risk və audit funksiyalarında beynəlxalq təcrübənin tətbiqi və dayanıqlı inkişaf strategiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, hazırda "Rabitəbank” ASC 17 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->