"Növbəti dövrlərdə rublun möhkəmlənməkdə davam etməsi iki məqamdan asılıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov son zamanlar rublun dollar qarşısında müşahidə edilən möhkəmlənməsi prosesinin nə qədər davam edəcəyini şərh edərkən deyib:
"Rublun möhkəmlənməsi həm də Rusiyaya iqtisadi baxımdan müəyyən çətinliklər yaradır. Ona görə də böyük ehtimalla Rusiya Mərkəzi bankı rublun möhkəmlənməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görəcək. Digər tərəfdən, beynəlxalq siyasi-iqtisadi münasibətlərin hansı istiqamətdə hərəkət etməsi də burada əsas rol oynayır. Bu istiqamətdə isə hazırda ciddi çatlar yaranıb. Ənənəvi münasibətlər sistemindən uzaqlaşma rassionalizmlə bağlı ciddi şübhələr ortaya qoymaqla bərabər, gələcəyin proqnozlaşdırılması imkanlarını da məhdudlaşdırır. Ona görə də prosesin nə qədər davam edəcəyilə bağlı əvvəlcədən fikir bildirmək olmur”.
Həmsöhbətimiz qeyd edir ki, rublun dollar və digər valyutalara münasibətdə dəyərinin möhkəmlənməsinin əsas səbəbi bir tərəfdən əvvəlki dövrlərdə sürətli şəkildə dəyərsizləşmədən sonra bazarda müşahidə edilən korreksiyadırsa, digər tərəfdən ABŞ adminstrasiyasının siyasətidir:
"Rublun möhkəmlənməsi prosesi adətən ABŞ-da seçkilərin nəticəsi elan olunduğu andan müşahidə olunur. Tramp adminstrasiyasının həyata keçirdiyi qeyri-adekvat siyasət fonunda Rusiyanın Ukrayna müharibəsində ciddi benefisitlər əldə etməsilə bağlı gözləntiləri artırdı. Mövcud sanksiyaların təsirinin zəiflədilməsilə bağlı Rusiyanın imkanlarını genişləndirdi. Nəticədə Rusiyaya münasibətdə iqtisadi təzyiq alətlərinin təsirləri zəiflədi. Bu fonda da rubl möhkəmlənir”.
Qeyd edək ki, 2025-ci ilin may ayında Rusiya rublu əhəmiyyətli dərəcədə möhkəmlənərək dünyanın ən gəlirli valyutası kimi tanınıb. Bu dövrdə rubl birjadankənar bazarda ABŞ dollarına qarşı 38 faiz dəyər qazanaraq, inkişaf etməkdə olan bazarlar arasında lider mövqeyinə yüksəlib. Onun nəticəsidir ki, may ayında Rusiya Mərkəzi Bankı dollar üzrə məzənnəni 88,5 rubl səviyyəsində müəyyən edib. Bir sözlə, rubl cari ilin əvvəlindən dollar qarşısında 13 faizə qədər möhkəmlənib.
Rüfət Sultan
Şərhlər