Xəbər lenti

Rus sülhməramlıları Qarabağdan gedir? (ŞƏRH)
Siyasət 18:33 29.09.2023

Rus sülhməramlıları Qarabağdan gedir? (ŞƏRH)

"2025-ci ilin noyabrın 10-una altı ay qalmış, yəni həmin ilin mayın 10-a qədər hər hansı bir tərəf öz niyyətinin dəyişdiyini elan etməsə, rus sülhməramlıları missiyalarına davam edəcəklər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə rus sülhməramlılarının yaxın zamanlarda Qarabağdan geri çəkiləcəyilə bağlı səslənən fikirləri şərh edərkən deyib: 

"2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatda rus sülhməramlılarının 2025-ci ilə qədər Qarabağda qalacaqları dəqiq qeyd edilib. 2025-ci ilin noyabrın 10-a altı ay qalmış, yəni həmin ilin mayın 10-a qədər hər hansı bir tərəf öz niyyətinin dəyişdiyini elan etməsə, rus sülhməramlıları fəaliyyətlərini davam edəcəklər. Yəni üzdə olan yeganə məlum sənəd bundan ibarətdir. Azərbaycan sentyabrın 19-20 arasında lokal antiterror tədbirləri həyata keçirdi. İndi ermənilər Qarabağdan köçürlər. Onlara heç kim burada köçün gedin deməyib, eyni zamanda heç kim də zorla saxlamır. Nə üçün getdikləri barədə müəyyən mülahizələr var. Amma əsas odur ki, rus hərbçiləri proses zamanı Azərbaycan Ordusuna mane olmadı. İndi də köçən erməni əhalisinə yardım edir. Belə bir şəraitdə mülahizələr səslənir ki, rus sülhməramlıları tezliklə ərazini tərk edəcək. Bəziləri də əksinə, 2025-ci ilədək qalacaqlarını bildirir. Digərləri isə 2025-ci ildən sonra da qalacaqlarını düşünür". 
 
 
Politoloq  bildirib ki, Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa edib. Belə vəziyyətdə rəsmi Bakının razılığı ilə orada məhdud sayda rus hərbçiləri qalıbsa, bu dövlətimizin suverenliyinə təhlükə törətmir: 

"Bundan başqa, Qarabağda nə qədər erməni qalsa, bu da dövlətimizin mövqeyinə müsbət təsir göstərən amildir. Bununla əyani şəkildə göstərəcəyik ki, xaricdəki bədxahların bəyan etdiyi kimi, Azərbaycan heç də etnik təmizləmə aparmayıb. Hərçənd Paşinyan artıq elan edib ki, Azərbaycan hökuməti guya Qarabağda etnik təmizləmə aparır. Belə vəziyyətdə Qarabağda müəyyən sayda erməninin qalması, dünyadakı mövqeyimizə müsbət təsir göstərən amildir. Əsas odur ki, Qarabağ azad edilib. Bundan sonra əsas diqqət Qarabağın minalardan təmizlənməsinə, bərpa işlərinin aparılmasına və əhalinin öz yurduna qayıtmasına yönəldiləcək”. 

Qeyd edək ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mətbuata açıqlamasında Rusiya sülhməramlı qüvvələrinin yaxın zamanlarda Qarabağdan geri çəkiləcəyini bildirib.

Eyni zamanda, Ermənistanın "Hraparak” nəşrinin yazdığına görə, Rusiya Qarabağda 20-25 min erməni qalacağı təqdirdə öz hərbi kontingentini saxlamaq niyyətindədir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->