Dünya 20:29 19.08.2022

Rusiya İtaliyadakı seçkilərə müdaxilə etməyə hazırlaşır - Xəbərdarlıq

İtaliyanın ən çox tirajlı qəzetlərindən biri olan "Repubblica” Rusiyanın ölkədə keçiriləcək seçkilərə müdaxiləsi ilə bağlı xəbərdarlıq edib.

Qaynarınfo bu barədə "Thelocal" saytına istinadən xəbər verir.

Xəbərdarlıq Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin avropalıları özünün "axmaq" adlandırdığı hökumətlərini "cəzalandırmağa" çağıran şərhlərinə cavabdır.

Bu bəyanatlardan sonra avqustun 19-i cümə günü medianın manşetlərində Rusiyanın qarşıdan gələn İtaliya seçkilərinə mümkün müdaxiləsi ilə bağlı xəbərdarlıqlar dərc olunub.

Dmitri Medvedev cümə axşamı avropalıları "nəinki öz hökumətlərinin hərəkətlərindən qəzəblənməyə, həm də açıq-aşkar axmaqlıqlarına görə onlarla haqq-hesab çəkməyə və cəzalandırmağa" çağırıb.

Onun çağırışı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonraya təsadüf edir. Müharibə Avropa və digər Qərb ölkələrinin Rusiyaya qarşı genişmiqyaslı sanksiyalarına səbəb olub.

İtaliya qəzetləri isə Rusiyanı seçki ərəfəsində "xaos yaratmaqda” ittiham edir.

Vurğulanır ki, İtaliyanın istefa vermiş baş naziri Mario Draqinin hökuməti Rusiyanın Ukraynaya hərbi hücumunu pisləyib və Kiyevə hərbi və humanitar dəstək verib, lakin bu mövqe sentyabrın 25-də keçiriləcək ümumi seçkidə sağ koalisiyanın mümkün qələbəsi ilə dəyişə bilər.

İtaliyanın Silvio Berluskoninin başçılıq etdiyi sağçı partiyalar uzun müddətdir Rusiya və prezident Vladimir Putinlə əlaqələri gücləndirməyə çalışırlar.

M.Arif