Britaniya kəşfiyyatı Rusiyanın özünün S-400 yerüstü hava hücumundan müdafiə sistemi üçün hədəflərin müəyyən edilməsi məqsədi ilə ilk dəfə olaraq A-50 havadan erkən xəbərdarlıq təyyarəsindən istifadə etməyə başladığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatının cümə günü, noyabrın 17-də dərc olunmuş
hesabatında deyilir.
Qeyd olunur ki, yerüstü S-400 radarı ilə müqayisədə A-50 radarı düşmən təyyarələrini daha uzaq məsafələrdə aşkar edə bilir, çünki onun hündürlüyü daha uzaq hədəfləri görməyə imkan verir.
Rusiya ehtimal ki, A-50 və S-400-lərin inteqrasiyasını qismən sürətləndirib, çünki o, Ukraynanın Qərbin verdiyi qırıcılardan istifadə perspektivindən narahatdır.
Rusiyanın daha çox risk edərək yeni missiyaları daha effektiv yerinə yetirə bilməsi üçün A-50-ni cəbhə xəttinə daha yaxın yerləşdirməsi real ehtimalı var.
Qeyd edək ki, yayda bir sıra ölkələr qırıcılarını Ukraynaya verməyə hazır olduqlarını bəyan ediblər. Avqustun 20-də Niderland və Danimarka Ukraynaya 61 - müvafiq olaraq 42 və 19 təyyarə verəcəklərini vəd ediblər. Norveç daha sonra F-16 tədarük etmək niyyətini təsdiqləyib. Belçika da 2025-ci ildən F-16-ları Ukraynaya təhvil verəcək.
Oktyabrın 31-də Pentaqonun sözçüsü general Patrik Rayder bildirib ki, ukraynalı pilotların F-16 qırıcılarında təlimi 5 aydan 9 aya qədər davam edə bilər.
Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, 2024-cü ilin birinci yarısında Ukraynanın beynəlxalq tərəfdaşlardan ilk F-16-ları ala biləcəyi gözlənilir.
Noyabrın 10-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Ukrayna pilotlarının F-16-da təlimatçılarla birlikdə uçuş təlimlərinə başladığını açıqlayıb.
Nizami Bağırov
Şərhlər