Ekonomiks 15:11 22.09.2023

Rüstəm Behrudi məhkəmə işindən xəbərsizdir: "Qurban Məmmədovun evi adıma olub..."

"Mən heç biri şirkəti məhkəməyə verməmişəm”. 

Bu sözləri Qaynarinfo-ya Azərbaycanın tanınmış şairi Rüstəm Behrudi deyib. 

O, əlavə edib ki, "Xəzri Solutions” MMC ilə "Atlant-İnşaat” MMC barəsində heç bir məhkəmədə iddia qaldırmayıb. 

Məlumat üçün deyək ki, vahid məhkəmə portalında Rüstəm Behrudinin adıçəkilən şirkətləri məhkəməyə verməsi barədə məlumat yerləşdirilib. 
Məlumatdan aydın olur ki, iddia Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın icraatındadır. İddia tələbi maddi ziyanın ödənilməsindən ibarətdir. 

Rüstəm Behrudinin sözlərinə görə, hazırda Azərbaycandan kənarda yaşayan hüquqşünas Qurban Məmmədovun evi onun adına olub. Şairin ehtimalına görə, məhkəmə işi bununla bağlı ola bilər. 

"Amma konkret olaraq mən heç bir şirkət barəsində iddia qaldırmışam. Ümumiyyətlə, nə baş verdiyindən xəbərim yoxdur”, deyə Rüstəm Behrudi əlavə edib. 

Seyid