Xəbər lenti

“Sabah”ın ardıcıl uğursuzluqları nədən qaynaqlanır?
İdman 10:15 10.10.2023

“Sabah”ın ardıcıl uğursuzluqları nədən qaynaqlanır?

Ötənilki oyunu ilə diqqət mərkəzinə düşməyi bacaran "Sabah” cari mövsümə "Qəbələ” üzərində 5:0-lıq qələbə ilə başlasa da, sonradan ardıcıl uğursuzluqlar komandanın turnir cədvəlinin aşağı pillələrinə sürüşməsi ilə nəticələndi. Təbii ki, çempionluğa iddialı bir kollektiv olaraq qısa müddətdə toprlanacağı gözlənilsə də, Bakı təmsilçisi ikinci turdan bəri, konkretləşdirsək, səkkiz oyundur qələbə üzünə həsrətdir. Son turda "Araz-Naxçıvan”la da heç-heçə oynayan Murad Musayevin komandasının hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Bəs nə baş verir? Ardıcıl uğursuzluqlar nədən qaynaqlanır? 

Bu və qaranlıq qalan digər suallara "Sabah”ın yarımmüdafiəçisi Tellur Mütəllimov aydınlıq gətirib. Yarımmüdafəçi Qaynarinfo-ya müsahibəsində uğursuzluğun səbəblərini belə izah edib:

- "Araz-Naxçıvan”la matçınız 1:1 hesabı ilə nəticələndi. "Sabah” kimi iddialı komandanın belə zəif çıxışının səbəbi nədir?

- Çətin oyun oldu. Əvvəlcədən bu matçın çətin keçəcəyini bilirdik. Çünki rəqib daha öncə keçirdiyi oyunlardan yaxşı nəticələrlə ayrılmışdı. Komandanın zəif oynadığını deməzdim. Fikrimcə, meydanda üstün tərəf idik. Çoxlu qol fürsətləri yaratdıq. Sadəcə, yararlana bilmədik. Rəqib isə standart vəziyyətlərdən yaxşı istifadə etdi. Əlbəttə qalib gəlmək, oyundan üç xalla ayrılamq niyyətindəydik. Təəssüf ki, alınmadı.

- Mövsümə o qədər də uğurlu başlamadınız. "Sabah” artıq səkkiz oyundur ki, qələbə üzünə həsrətdir. Düzdür, bunu avrokuboklardakı uğursuzluqla əlaqələndirənlər çoxdur. Amma həmin dönəm xeyli müddətdir geridə qalmasına baxmayaraq, komanda hələ də toparlana bilmir. Enişin səbəbi nə ilə əlaqədardır?

- Deməzdim bu, avrokuboklarda mübarizəni dayandırmağımızla bağlıdır. Fikrimcə, komanda turnirdə yaxşı çıxış etdi. İlk dəfə oynadığımız Konfrans Liqasında keçirdiyimiz dörd matçın üçündən qələbə ilə ayrıldıq. Sonda avrokuboklardakı təcrübəsinə görə bizdən qat-qat üstün olan "Partizan”a yalnız oyunsonrası penaltilərdə uduzduq. Komandanın uzun müddətdir qələbə qazana bilməməsi bizi də narahat edir. Ancaq sərgilədiyimiz oyunla bağlı eyni sözləri demək olmaz. Birini çıxmaq şərtilə, digər oyunların hamısında rəqiblərdən üstün olmuşuq. Sadəcə, qələbə çatmır. Fikrimcə, qarşıdakı oyunlarda bu da olacaq. Çünki komanda şəklində yaxşı oyun sərgiləyirik. Xeyli yeni futbolçular var. Onlar oyun sisteminə uyğunlaşdıqdan sonra, azarkeşlər arzuladığı "Sabah”ı görəcək. 

- Sanki Murad Musayev komandanın oyun üslubunda, taktikasında bir qədər dəyişiklik edib. Bəlkə komanda yeni sistemə uyğunlaşmaqda çətinlik çəkir?

- Xeyr, həmişəki oyunumuzu göstəririk. Baş məşqçinin oyun planında bizdən tələbi əvvəl olduğu kimidir. 

- "Sabah” xüsusən də hücum planında axsayır. Qol vəziyyətlərindən yararlana bilmir. Ələləxsus da Coy-Lens Mikelsin gedişindən sonra hücumda ciddi problemlər yarandığı görünür. Düşünmək olar ki, onun buraxdığı boşluq hələ dolmayıb? 

- Son oyunlarda əldə etdiyimiz qol fürsətlərindən maksimum istifadə edə bilmirik. Amma az qol vurduğumuzu deməzdim. Səhv etmirəmsə, bu mövsümdə çempionatda ən çox qol vurmuş üç-dörd komandadan biriyik. Məncə, daha çox qol vura bilərdik. Hər hansı futbolçunun karyerasına başqa klubda davam etməsi normaldır. Həm Mikels, həm də Kaşuk ötən mövsümdə birlikdə çoxlu qol və məhsuldar ötürməyə imza atdılar. Amma dediyim kimi, bu futboldur. Bu gün burdasansa, sabah başqa yerdə ola bilərsən. Düşünürəm ki, yayda komandamıza gəlmiş hücumçu və vingerlər kifayət qədər səviyyəli futbolçulardır. Bunu həmin oyunçuların karyerasına, hansı klublarda oynamlarına nəzər salmaqla da görə bilərsiniz. Sadəcə, uyğunlaşma üçün müəyyən vaxt lazımdır. Son oyunlar da göstərdi ki, artıq yeni hücumçularımız tədricən komandaya uyğunlaşırlar.

- Çempionatımızla bağlı nə düşünürsən? Ötən mövsümdən fərqli olaraq səni təəccübləndirən məqamlar hansılardır? "Sabah”ın istədiyi kimi oynaya bilməməsinin səbəblərindən biri kimi rəqiblərin güclənməsini göstərmək olar, yoxsa səviyyə fərqi hələ də qalır?

- Fikrimcə, bu il ilk turlarda rəqabət daha çoxdur. Bunu son nəticələr də göstərir. Hamı sona qədər mübarizə aparır. Hər oyun gərgin mübarizə şəraitində keçir. Amma ötənilki komandalar da zəif deyildi. Ümumiyyətlə, bu mövsümü ötənilki ilə müqayisə etmək hələ tezdir. Çünki qarşıda hələ uzun marafon var. 

- Bir qədər də yığma ilə bağlı fikirlərini bildirərdin. De Byazi Estoniya və Avstriya ilə oyunlar üçün heyəti açıqlandı. "Sabah”dan cəmi iki futbolçu dəvət aldı. Düşünürsən ki, sənin də millidə oynamaq haqqın idi? Dəvət olunmamağın səni həvəsdən salmır ki? Gələcəkdə yenidən milli formanı geyinəcəyinə ümidin var?

- Əvvəla onu deyim ki, millidə oynamaq hər bir futbolçu üçün böyük fəxrdir. Mənim üçün də həmçinin. Şans qazanmasam da, bu il bir neçə dəfə milliyə dəvət almışam. Mən futbolçuyam, işim futbol oynamaqdır. Kimin çağırılıb-çağırılmamasına məşqçilər korpusu qərar verir. Bu qərara hörmətlə yanaşıram. Gələcəkdə nə vaxt yenidən dəvət alsam, əlimdən gələn köməyi göstərməyə hazıram. 

- Millinin son vaxtlardakı zəif nəticələri ilə bağlı bir futbolçu kimi fikirlərin necədir? Səbəb nədir, hansı problemlər var?

- Qrupumuzda kifayət qədər güclü komandalar var. Amma əlbəttə, hər kəs millimizdən müsbət nəticələr gözləyir. Bu da başadüşüləndir. Ümid edirəm ki, millimiz qarşıdakı oyunlardan müsbət nəticələrlə ayrılmaqla hamımızı sevindirəcək. 

- Avstriya və Estoniya ilə oyunlarda yığmanın şanslarını necə qiymətləndirirsən?

- Hər hansı proqnoz vermək çətindir. Bu gün Avropada, demək olar, zəif komanda yoxdur. İnanıram ki, millimiz həm səfərdə Estoniya, həm də evdə Avstriya ilə oyundan yaxşı nəticə ilə ayrılacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->