Qaynarinfo "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz
Xuduoğlunun müsahibəsini təqdim edir:
- Şahbaz bəy, Feysbuk səhifənizdə gördüm, kəndlə bağlı
xatirələrinizi, kənd məktəbindən təəssüratlarınızı paylaşmışdınız. Tez-tez
gedirsiniz kəndə?
- Son altı ayda bir az tez-tez getməyə başlamışam. Tez-tez
deyəndə, gedirdim, bir gecə qalıb qayıdırdım. Son beş-altı ildə ilk dəfə iki
gün qaldım və kəndi gəzdim.
- Son vaxtlar tez-tez getməyinizin nəsə xüsusi bir səbəbi
var?
- Doğrusu, atam rəhmətə gedəndən sonra kənddə onun yaşadığı,
bizim böyüdüyümüz evi dağıdıb bir az aralıda başqa bir ev tikmişdilər.
- Kim dağıtmışdı?
- Qardaşlarım. Ümumi bir qərar alınmışdı ki, təzə ev
tikilsin. Ondan sonra mən xeyli vaxt kəndə getmədim. Mənə elə gəlirdi ki, o ev
köhnə də olsa, uçurulması yanlışdır. Səhv eləmirəmsə, uzun fasilədən sonra keçən
ilin yanvar ayında getmişdim. Qarlı bir gün idi, qardaşlarım, qohumlarla köhnə
evimizin yerində dayanıb söhbət edirdik. Birdən dedim ki, mən mütləq burda nəsə
tikməliyəm. Elə də elədim. Orda ev tikdirdim. Əvvəlcə istəyirdim, atamın
tikdiyi evi olduğu kimi bərpa eləyim. Sonra gördüm, o vaxtkı evdən, demək olar,
heç nə qalmayıb. Torpaqdan tikilmiş bir ev idi, bir-iki şalbandan başqa heç nə
qalmamışdı, onlar da istifadəyə yaramırdı. Ona görə də, kiçik, amma içində
bütün şəraiti olan bir ev tikdirdim, artıq hazırdır.
- Bundan sonra orda daha çox vaxt keçirəcəksiniz?
- Yox. Tikildi, getdim, gözəldir, bəlkə yenə də gedəcəyəm.
Bütün hallarda bilirəm ki, orda qışda da, yayda da hər şəraiti olan bir yer
var. Artıq yazıçı, rəssam dost-tanışlarıma da demişəm. Getmək istəyən olsa,
orda oturub sərbəst işləyə bilər. Eyni zamanda özüm də uzaqlaşmaq istəsəm,
gedib orda rahat işləyə bilərəm. Əslində ev tikmək və sonra ilk dəfə özüm
tikdiyim evin içində qalmaq mənim üçün tamamilə qeyri-adi və çox gözəl hiss
idi. Burdakı evimi hazır almışam. Düzdür, orda da müəyyən tikinti işləri
aparılıb, amma bu, tamam başqa bir şey idi. O evdə hər şey var: birincisi,
atanla, ananla, ailənlə bağlı xatirələr; sonra uşaqlığının keçdiyi bir yerdir,
hər şeyi yenidən hiss edirsən, o dövrə qayıdırsan. Nədənsə məndə son vaxtlar
keçmişə qayıtmaq, keçmiş xatirələri canlandırmaq istəyi intensivləşib. Yəqin,
qocalıqdandır. Zarafat eləyirəm. Sadəcə, yəqin, insan içini axtardıqca hansısa
bir yerə çıxır və orda qalmaq istəyir. Və ordan dünyanı təzədən eşələməyə
başlayırsan. Bununla bağlı yadıma bir hadisə düşdü.
Bir dəfə Niyazi Mehdinin oğlu Ştefan Almaniyadan gəlmişdi.
Deyəsən, Ştefan uşaq olanda ayrılmışdılar və sonra bir-birilərini görməmişdilər.
Bura gələndə Ştefanın otuz neçə yaşı vardı. Onu İçərişəhərdə gəzdirirdik.
Oturub çay içəndə soruşdum ki, necə oldu, birdən-birə atanı axtarmaq fikrinə
düşdün. Dedi ki, nədənsə tarixlə öz aramda bir boşluq hiss eləməyə başlamışdım.
Gəldim bura, Niyazi ilə görüşəndən sonra – adıyla müraciət eləyirdi atasına –
gördüm ki, o boşluq yoxdu artıq. Məndə belə bir boşluq yox idi. Sadəcə mənə elə
gəlirdi ki, pisdir deyə tarixi dağıtmaq olmaz, nə varsa, onu qorumaq lazımdır.
Yaşadığın heç nəyə görə təəssüflənməməlisən. Pisdir, ya da yaxşıdır, sən onu
artıq yaşamısan. Çalış, irəliyə bax, irəliyə get, ancaq eyni zamanda köhnələri
də hansısa şəkildə qorumaq lazımdır.
- Sizin ailənizlə münasibətləriniz, uşaqlığınız, gəncliyiniz
barədə danışdığınız müsahibələri oxumuşam və bir az çətin keçdiyini bilirəm.
Ev, ailə sizin üçün nədir?
- Zaman keçdikcə görürəm ki, bioloji bağlılıqlar bizdə həddindən
artıq şişirdilir. "Bu mənim qardaşımdır”, "bu mənim bacımdır, atamdır” və s.
kimi cümlələr məndə ikrah hiss yaradır, həmişə belə şeylərdən qaçmağa
çalışmışam. Mənəvi bağlı olduğun, sənə həddindən artıq doğma olan elə adamlar,
onların verdiyi elə şeylər var ki, dünyadakı heç bir bioloji bağ onu vermir.
- Ailə bağları sizə necəsə əziyyət verdiyinə görə belə
fikirləşirsiniz, yoxsa ümumi qənaətinizdir?
- Əslində ailə bağlarının heç bir əhəmiyyəti yoxdur demək də
olmur. Bir də görürsən, qapını döyürlər və səndən elə bir tərzdə yardım istəyirlər
ki, imtina eləyə bilmirsən.
- Çox güman ki, bunun bağlardan daha çox imkanlarla əlaqəsi
var.
- Doğrudur. Qohum bağları ilə məsələ belədir ki, bizdə axmaq
ənənələr var idi və zaman keçdikcə mən o şeyləri qəbul etməməyə başladım. Məsələn,
bütün qohumlarıma dedim ki, əgər qohum evliliyi varsa, məni toya dəvət eləməyin.
Bitki də bitdiyi torpaqda heç vaxt yaxşı bar vermir. Verir e! Amma verdiyi bar
cır olur. Torpağı həmişə dəyişmək, bitkini calaq eləmək lazımdır. İnsan da belədir.
Niyə Avropada təhsil Azərbaycandakından daha fərqlidir, daha effektivdir? Çünki
onlar övladlarını uşaq vaxtından səyahətə, sərbəstliyə alışdırırlar, məktəblə səfərə
göndərirlər. Hələ mən görməmişəm ki, Bakıda bir məktəb özünün səkkizinci
sinfini, deyək ki, Yardımlının bir dağ kəndindəki səkkizinci siniflə barter eləsin.
Onlar gəlib bir ay burda oxusunlar, burdakılar orda. Burdakı uşaqlar onların həyatı
ilə tanış olsunlar, Yardımlıdakılar Bakıdakı uşaqların. Görsünlər, yaşıdları nə
ilə nəfəs alırlar, necə yaşayırlar. Elə bir şərait yoxdur. Bəzi ölkələrdə bunu
çox asanlıqla eləyə bilirlər, çünki orda təhsil sistemi var, hər şey uşaqların
gələcəyi naminədir. Keyfiyyətli təhsil keyfiyyətli tərbiyə ilə bağlıdır. Təəssüf
ki, bizdə belə deyil. Bizdə hər şey qohum institutuna çox bağlıdır.
Bax, bu dəfə kəndə gedəndə bir gənc oğlanla tanış oldum.
Sağlam, cüssəli, boylu-buxunlu bir gəncdir. Kənddə internet, telefon naqilləri
işinə baxır. Xüsusi ayaqqabası var, onu geyinir, dirəklərin başına çıxır,
telefon, internet naqillərini yoxlayır, dəyişir, təmir eləyir və s. Onunla söhbət
eləyəndə bəlli oldu ki, əvvəl atası, sonra anası onu atıb Rusiyaya gedib, nənəsi
böyüdüb oğlanı. İndi nənəsi çox yaşlıdır, yerindən tərpənə bilmir. Oğlan
deyirdi ki, mən burda qala bilmirəm, amma getsəm, nənəm kimsəsiz qalacaq, burda
qalıb nənəmə baxmalıyam. Başa düşmürsən, bu, haqq kimindir – nənənin, yoxsa
uşağın? Uşaq gedib həyatını qurmağa cəhd etməlidir, yoxsa qalıb nənəsinə
baxmalıdır? Bu, nə deməkdir? Bu, o deməkdir ki, sənin normal, işlək sosial
sistemin yoxdur. O nənə orda qalsa, baxan olmayacaq. Uşaq da məsuliyyətini hiss
eləyir, vicdan borcudur, qalıb nənəsinə baxır, belə şeylərlə zəncirlənib, azad
ola, həyatını qura bilmir. O gənc kənddə qalsa, məhv olacaq. Ordakı insanları
unudublar. Kəndin kitabxanası bağlanıb, klubu bağlanıb. O klubda neçə adam
çalışırdı…
- Kənddə yaşayan çoxdur, yoxsa boşalıb?
- Xeyli boşalıb.
- Kitabxana istifadə olunmadığı üçün bağlanmış ola bilərmi?
- Gələn oldu, ya olmadı, o kitabxana qorunmalıdır. Kitabxana
dövlətin ordakı bir göstəricisidir. Necə ki "Azərpoçt” var, kitabxana da
olmalıdır. Bu, dövlətin nişanəsidir, o deməkdir ki, dövlət ordakı insanları
düşünür. Orda kitabxana və klub yoxdursa, deməli, orda dövlət də yoxdur, dövlət
düşünmür bu insanları. Bu, çox kədərli bir mənzərədir. O insanlar həddindən
artıq nihilist bir durumdadılar. Onları heç nə cəlb etmir, onları heç nə
düşündürmür, onlar heç nə etmək istəmirlər. Onların günü açılır və günü batır,
vəssalam. Beləcə, həyatlarına davam edirlər. Daim şikayət, hər şeydən narazı…
- Kitabxana olsaydı, şikayət etməzdilər?
- Kitabxana olsaydı, onların həyatı bir az əyləncəli ola bilərdi.
Mənə elə gəlir ki, kitablar həyata bir ritm qatardı.
- Sizcə, sosial problemlərin içində çabalayan insanı kitab
oxumaq maraqlandırar?
- Bilirsiniz, mənə elə gəlir ki, bəzən insanlar sosial
problemləri həddindən artıq şişirdirlər. Deyəsən, Mark Avrelinin sözüdür, deyir
ki, fikir insanı həm xoşbəxt eləyir, həm bədbəxt. Yəni hər şey sənin necə
düşünməyindən asılıdır. Bəzən biz həddindən artıq pis düşünməklə özümüzü də pis
günə qoyuruq. Məncə, yanaşma tərzini mütləq dəyişməliyik. Mən bilirəm ki, Azərbaycan
sosial vəziyyətin yaxşı olduğu ölkə deyil. Ancaq mənim dediyim şeyin sosial
problemlərə aidiyyatı yoxdur. Hər şey düşüncədən yaranmır, amma çox şeylər
insanın öz düşüncəsində yaranır. Yəni, məncə..
- Bayaq gənc oğlan haqqında danışdınız, çox çarəsiz vəziyyətdə
olduğunu dediniz. Sizcə, çarəsizlik içində çırpınan insanlardan pozitiv düşünmələrini
gözləmək onlara qarşı çox böyük bir tələb deyilmi?
Çox məşhur bir dövlət adamından hakimiyyətə gəlməmişdən əvvəl
soruşurlar ki, sən nə edəcəksən? Birinci səhiyyəni düzəldəcəksən, təhsili düzəldəcəksən,
yoxşa başqa yerdən başlayacaqsan? Adam cavab verir ki, mən insanın ruhunu düzəldəcəyəm.
Mahatma Qandi nə edirdi? O, insanlara ruh verirdi. Çörçil insanlara ruh
verirdi, Atatürk insanlara ruh verirdi.
- Onlara ruh verən də yoxdur, axı.
- Mən də deyirəm ki, onlara birinci növbədə ruh vermək
lazımdır. Yəni o kitabxana, o klub da insanlara ruh vermək üçündür. Bilsinlər
ki, burda da həyat var. Burda da bəzən konsertlər var, yeni kitablar var. Yəni
onları unutmayıblar. Bəlkə mən həddindən artıq dramatikləşdirirəm, hətta orda
yaşayan adamlar özləri bunun fərqində deyillər, kənardan mənim fikirlərimə
baxırlar və birdən-birə başa düşürlər ki, doğrudan da, belə şeylər var, biz
görməmişik. Məsələn, mən son dəfə kəndə gedəndə məktəbdə ayaqyolunun, hətta
suyun olmamasından yazdım. Çox böyük, hündür, gözəl bir məktəb var. Amma bu gözəl
məktəbə girəndə böyük bir soyuqluq, zəhm hiss eləyirsən, müəllimlərin sifətlərindən
sərtlik yağır. Necə ola bilər ki, o boyda məktəb tikilsin, onun içinə su yeri,
ayaqyolu qoyulmasın.
- İnsanlar nəzərə alınmayıb tikiləndə. Göstəriş, plan üçün
tikilib.
- Amma, yəqin ki, bu layihə rəhbərlikdə təsdiqlənib, rayon rəhbərliyində,
Bakıda müvafiq orqanlar bunu təsdiq eləyib. Bəs baxmayıblar ki, ayaqyolu, əl-üz
yuyan hardadır?
- Şahbaz bəy, məktəblərlə əməkdaşlıq eləyirsiniz?
- Mən çox istəyirəm. 2014-cü ilə qədər bizdə çıxan bütün
kitablardan göndərirdim kəndə. Sonra xoşagəlməz bir hadisə baş verdi. Deyəsən,
icra hakimiyyətindən gəlib o kitabları görünməsin deyə bir kənara yığırlarmış.
Ondan sonra dayandırdım kəndə kitab göndərməyi. Ancaq indi fikirləşirəm ki, bu
prosesi mütləq bərpa eləmək lazımdır. Doğrusu, adam istəyir ki, belə şeyləri səssiz
etsin, amma mütləq nəsə eləsin. İndi mən durum deyim ki, kitabxanaya kitab
verirəm, yaxşı çıxmır. Amma digər tərəfdən də bunu deməlisən ki, bəlkə
başqalarına da bir mesaj olar. Çünki Axundov adına kitabxana istisna olmaqla, mərkəzdəki
heç bir kitabxanaya yeni kitablar alınmır.
- Yeni kitablar almaq üçün kitabxanalar özləri müraciət eləməlidir?
- Sovet vaxtında nəşr olunan hər yeni kitabdan bir neçə nüsxə
kitabxanalara göndərilirdi. Daha doğrusu, dövlət alıb göndərirdi. Bu proses
indi necədir, bilmirəm. Nəsə əndrəbadi bir sistem yaradıblar. Deyəsən,
kitabxanalar nazirliyə müraciət eləyir, nazirlik də kitabları alır. Əvvəllər Azərbaycanda
hardasa dörd mindən çox kitabxana vardı: kəndlərdə, Bakıda, mərkəzlərdə. O
kitabxanalara qarşı bir soyqırım oldu. Birinci, kirilcə olan kitabların hamısı
yığışdırıldı, sonra da kitabxanaların hardasa üç minə yaxını tamam bağlandı.
Dedilər ki, işçilərə maaş verməyə imkanımız yoxdur. Kitabxanalar da insanlar
kimi, tədricən, Bakıya doğru gəldilər. İndi yalnız Bakıda kitabxanalar qalıb. Hətta
prezidentin bununla bağlı fərmanında göstərilirdi ki, Azərbaycanda kitabxanaların
yalnız 0,7%-i işlək vəziyyətdədir. Yəqin ki, 0,7%-ə milli kitabxana və Bakıda
olan bəzi kitabxanalar daxildir. Məsələn, Abşeron kimi böyük bir şəhərdə
sonuncu dəfə kitabxanaya 2006-2007-ci ildə kitab gedib. İstisna təkcə
prezidentin fərmanı ilə çıxan bəzi kitablardır, onları həmişə göndərirlər.
- Ümumiyyətlə, bu gün Azərbaycanın kitab bazarında vəziyyət
necədir?
- Əslində indi şikayət etmək üçün səbəb yoxdur. Məsələn, son
kitab yarmarkası da göstərdi ki, kitaba çox maraq var. İnsanlar gəlirlər, kitab
alırlar, maraqlanırlar, söhbət edirlər, kitablarla bağlı müzakirələr gedir.
Sosial mediada xeyli sayda səhifələr, kitab bloqerləri yaranıb, onlar
oxuduqları kitablar barədə fikirlər paylaşırlar. Bizim əsas şüarımız da belədir:
hər gün yeni bir kitab. Həqiqətən, devizimizi doğrultmağa çalışırıq. Keçən il
üst-üstə gələndə 250 mindən yuxarı bir tirajla dörd yüzə yaxın kitab
buraxmışıq. Tiraja baxanda çox azdır, amma say etibarilə biz yenə də günə bir
kitab nəşr edirik.
- Hansı kitablar, hansı janrlar daha çox maraq doğurur?
- Məsələn, Hararinin üç kitabını buraxdıq və üçü də çox
yaxşı satıldı. Hətta birinci kitabın tirajı bitib, ikincini buraxmışıq. Yaxud
"Millətlər necə tənəzzül edir?” kitabı. Çox ciddi kitabdır. Elmi kitablara
maraq çoxdur. Bu kitablar dəfələrlə ayın ən çox satılan kitabları olub. Stiven
Houkinqin "Böyük suallara qısa cavablar” kitabı da çox yaxşı satılır. Bizim
insanlarda elə bir təsəvvür var ki, "Bozun 50 çaları” kimi kitablar daha yaxşı
satılır. Amma belə deyil. Keçən il Salman Rüşdinin iki kitabını buraxdıq. Biri
xırda hekayələri – Əkrəm Əylislinin tərcüməsində. Çox gözəl hekayələrdir. Bir də
"Gecəyarısı uşaqları”nı. Bu kitabı buraxdığımıza görə sevinirəm. "Gecəyarısı
uşaqları” 81-ci ildə nəşr olunub, amma müasir ədəbiyyatın zirvələrindən biri hesab
olunur və bizim dildə yox idi. Bir nəşriyyat kimi bu bizim uğurumuz hesab
olunur. Elə kitablar var ki, alıcısı çox olmur. Məsələn, "Stiv Cobs”. Çox
alıcısı yoxdur, amma biz belə kitabları da buraxmaq istəyirik. Ya da Erix
Fromm. Bu vaxta qədər onun əsərləri heç vaxt azərbaycan dilinə tərcümə
olunmayıb. Və ya Saqanın "Kosmos” kitabı. Elmi-populyar ədəbiyyata aiddir. Demək
istəyirəm ki, indiki dövrdə elmi-populyar ədəbiyyat çox geniş yayılıb və
dünyada çox tez parlayan yeni müəlliflər var. Biz də çalışırıq ki, onları
vaxtında azərbaycan dilinə tərcümə eləyək. Hamısı rəsmi hüquqları alınmaqla çap
olunur. Əsasən, xarici ölkələrdə keçirilən kitab yarmarkalarında alırıq çap
iznlərini. Mən o yarmarkalara öz hesabıma gedirəm. Heç vaxt rəsmilərlə birlikdə
qatılmamışam. Təəssüf ki, azərbaycan stendi həmişə son dərəcə rəsmi görünür.
Sanki o yarmarkalar bir ədəbiyyat festivalı, ədəbiyyat hadisəsi deyil, daha çox
qurultay xarakterli bir şeydir. Bu, bizi çox narahat eləyir. Mən dəfələrlə
demişəm ki, elə yarmarkalara bizim yazıçılarımız getməlidir, nə vaxta qədər
kitabxanaçıları aparacaqsınız?
- Heç belə bir təkliflə səlahiyyətli orqanlara müraciət eləmisiniz?
- Dəfələrlə. Son yarmarkadan sonra mədəniyyət nazirliyi
bildirdi ki, kimin nə təklifi var, bizə yazsın. Mən də təkliflərimi yazıb göndərdim.
Başa düşürəm, ola bilsin, dövlətin belə tədbirlər üçün büdcəsi azdır. Amma
kitab yarmarkasında kitabxanaçılar yox, müəlliflər – yazıçılar, şairlər iştirak
etməlidilər. Milli kitabxananın direktoru Kərim müəllim özlüyündə pis adam
deyil, amma o, kitabxanaçıdır. Kitabxanaçının kitab yarmarkasında işi yoxdur.
Gürcüstanda bu işi naşirlər assosiasiyası təşkil edir. Bütün gənc yazıçılar
iştirak edirlər, xarici yazarlarla ünsiyyət qururlar, hansısa bir mühitə düşə
bilirlər. Kitabxanaçılar isə orda yalnız bizim kitabları nümayiş etdirirlər, bu
qədər. Olsun e! Bir nəfər də kitabxanaçı olsun, amma müəllifləri də aparsınlar.
Bu işlə, az qala, otuz ildir, məşğul olan mən hələ görməmişəm ki, Azərbaycan
stendinin qarşısında bir nəfər 20-30 yaşlı yazıçı olsun. Yoxdur. Heç kimi
aparmırlar. Niyə aparmırsınız, axı? Heç olmazsa, hər yarmarkaya birini aparın.
- Ümumiyyətlə, heç kimi? Ramiz Rövşən, Anar? Onlar da olmur?
- Onları bəlkə də aparırlar. Moskvada olan yarmarkalara.
Bilmirəm. Amma gənclər getməlidilər. Qoy getsinlər, avropadakılarla ünsiyyətdə
olsunlar. O yarmarkalarda müxtəlif mövzularda müzakirələr olur. Həmin müzakirələrə
qatılsınlar, beynəlxalq ədəbi mühiti hiss eləsinlər. Bir fransız gənci ilə bir
azərbaycanlı gənci ünsiyyət qursun. Baxsınlar görsünlər, fransız nədən yazır,
azərbaycanlı gənci nə düşündürür. Bu, çox önəmlidir.
- Bir sənətşünas kimi şikayətim var. Xeyli sayda
elmi-populyar əsərlər nəşr edirsiniz. Niyə kinoya, teatra aid elmi əsərlər, nəzəriyyələr
nəşr olunmur? Kinoda, teatrda xeyli yeni şeylər baş verir, müxtəlif proseslər
gedir, bizdə isə hələ də "Fellini Fellini haqqında”, ya da Tarkovskinin gündəlikləri
oxunur. Şübhəsiz ki, Fellini, Tarkovski dahidilər. Amma yeni cərəyanlar, yeni
rejissorlar haqqında çox gözəl kitablar var ki, azərbaycan dilinə tərcümə
olunmur.
- Biz Müşfiq Hətəmovun təklifi ilə Zaxavanın "Aktyor və
rejissor sənəti” kitabını buraxmışdıq. Az tirajla da olsa, çıxdı. Amma o
kitabdan ayda heç bir dənə də satılmır.
- Müşfiq müəllim kitabın çapına təşəbbüs göstərməklə kifayətlənməməliydi,
təqdimatını da keçirməliydi, ya da hansısa başqa formada belə kitab olduğundan
xəbərdar eləməliydi bizi.
- Hər halda biz buraxmışıq. Bu bir. İkincisi isə,
kinoşünaslar, teatrşünaslar, rəssamlar və s. akademik yanaşmanı unutmalıdılar:
mən gərək beş gün fikirləşəm, altıncı gün ilham gəlsin, yazam. Yox. İndi çox
sürətli bir dövrdür, sayğac yazır. Məsələn, Rusiyada "Leviafan” (rej: Andrey
Zvyaqintsev) filmi çıxdı. Niyə onun haqqında dərhal bir dənə kitab yazılmadı?
Böyük kitab olması vacib deyil. Hansısa sənətşünasımız, məsələn, siz onun
haqqında bir kitab yaza bilərdiniz. Axı, bu, cəmiyyəti maraqlandıran bir məsələdir?!
Alıb oxuyacaqdılar ki, görək, bu, necə filmdir. Yaxud "Parazitlər” filmi
"Oskar” aldı. Onun haqqında dərhal bir kitab yaza bilərdiniz. Mən "Parazitlər”in
mükafat alacağını heç gözləmirdim, amma aldı.
- Niyə gözləmirdiniz?
- Ona görə ki, onunla yanaşı başqa maraqlı filmlər də vardı,
məsələn, "1917”. Mənə elə gəlirdi ki, operator işinə görə mükafatı mütləq ona
verəcəklər.
- Və verdilər. Siz "Ən yaxşı film” nominasiyasında hansı
filmin "Oskar” almasını istəyirdiniz?
- "Parazitlər” filmi qeyri-adi yanaşma tərzinə görə,
doğrudan da maraqlıydı. Birinci, o mühit – yəni Koreya bizim üçün həmişə
qaranlıq olub – insanlar orda necə yaşayır, zənginlər kasıblara necə məğlub
olurlar.
- Sizcə, bizdə elə hadisə baş verə bilməz? Yəni o filmdə baş
verənlər Azərbaycan üçün real deyil?
- Bəzən reallıq o qədər dəhşətli, faciəvidir ki, biz onu təssəvvür
belə edə bilmirik. Yəni tamamilə mümkündür ki, olsun.
- "Parazitlər” filmində baş verənlər sırf Koreya üçün
xarakterik əhvalat deyil. Kasıb təbəqə və varlı təbəqə, onların bir-birinə nifrət
etməsi, amma ikisinin də bir-birindən asılı olması və bir-birinin hesabına
yaşaması. Məncə, bu, dünyanın hər yerində mümkündür.
- Məncə də, mövzu çox universaldır. Universal olmayan aktyor
oyunu, baş verənlərin necə göstərilməyidir. Bu, onlara xas üslubdur. Bir də
"Dovşan Jojo” filmini bəyənmişdim, mənə çox təsir eləmişdi. Ümumiyyətlə, bu
tarixi hadisələr müxtəlif formada təkrarlanır həyatımızda, hər dəfə də fərqli
yanaşma görürük. Heç vaxt bir-birini döymür. Məsələn, "Kitab oğrusu” tamamilə fərqli
yanaşmaydı müharibə mövzusuna, "Dovşan Jojo” tamamilə fərqli. Yaxud da mən "Zolaqlı
pijamalı oğlan” adlı bir kitab tərcümə eləmişdim. O da eyni mövzudaydı, amma
tamamilə fərqli bucaqdan göstərilmişdi. Mən bizim faciələrimizlə bağlı
qaldırılan ah-zarı görəndə fikirləşirəm ki, niyə bir dənə sənət adamı yoxdur
ki, onlara faciədən bu cür danışmağın effektiv olmadığını başa salsın. Yəhudi
soyqırımı ilə bağlı o qədər gözəl filmlər çəkilib ki. Hamısında o xətt elə qədər
ehtiyatla aparılır ki, heç birində hansısa tərəfə nifrət yoxdur, sadəcə faciənin
özü göstərilir. Sonra "Coker” də xeyli müzakirə olunan filmlərdən idi. O filmdə
aktyor oyunu, şübhəsiz, mükəmməl idi. Ümumiyyətlə, kinoda da, ədəbiyyatda da
insan faktoru daha çox qabardılan əsərlər uğur qazanır. İnsanı göstərmək, onu
anlamaq…
- Şahbaz bəy, filmlərə çox baxırsınız?
- Əsasən, istirahət günlərində.
- Üstünlük verdiyiniz bir janr, üslub varmı?
- Bu barədə heç fikirləşməmişəm, amma məsələn, "Leviafan”
kimi filmlərə baxmağı sevirəm. Əgər film görünəndən başqa bir şey də demək istəyirsə,
o film mənə həmişə maraqlı gəlib. "Osmanlı imperiyası”na da (Neftlixin
"İmperiyaların yaranması: Osmanlı” filmi) baxdım. Osmanlı imperiyasının genişlənməsindən,
inkişafından bəhs eləyir. Mənə çox maraqlı gəldi. Sənədliliklə bədiilik
qarışdırılmışdı. Çox gözəl işlənmişdi, mən çox bəyəndim.
- Şahbaz bəy, rəqəmsal dövrdə yaşayırıq və rəqəmsallaşma
kitablardan da yan keçməyib, elektron kitablar, riderlər geniş yayılıb. Nəşriyyyatlar
bununla necə ayaqlaşırlar? Kağız kitabın arxa plana düşmək ehtimalı varmı?
Konkret "Qanun” nəşriyyatı bu istiqamətdə hansısa işlər görürmü?
- Biz istəyirik ki, elektron kitablar olsun, olmasına da
çalışırıq. Amma bizdə elektron kitabdan istifadə mədəniyyəti hələ
formalaşmayıb. Hamı piratçılıq eləyir. Kitabı elektron variantda sayta
qoyursan, sistemi sındırıb yükləyirlər, çoxaldırlar, satın almırlar. Bu da
elektron kitabın inkişafına ciddi mane olur. Amma biz o piratlara qalib gələcəyik,
çünki bunu mütləq eləmək lazımdır. Biz "Bookmate”lə işləyirik, onun Azərbaycandakı
partnyoruyuq. Onlar bizim kitabların elektron variantını satırlar, amma tez-tez
pirat hücumlarına məruz qalırlar. Buna görə, məyus oluruq, amma işləməyə davam
edirik.
- Necə bilirsiniz, kağız kitabın aktuallığını tamamən itirmək
ehtimalı varmı?
- Mən hələlik elə bir şey görmürəm. Hər halda bizim nəslə
deyə bilərəm ki, 100% arxayın olsunlar, hələ kağız kitablardan xeyli müddət
istifadə eləyəcəklər. Son bir-iki ilin hesabatlarına görə – söhbət Avropa
Naşirlər Assosiasiyasının hesabatından gedir – kağız kitabın həcmi artır. Bu, o
deməkdir ki, elektron kitabla kağız kitablar bir-birini öldürmür, paralel
inkişaf edir.
- Elmi kitabların tərcümələrində mütəxəssislərlə əməkdaşlıq
eləyirsiniz? Bunu soruşmağımın səbəbi var. Mən sizdən Freydin "Psixoanaliz”ini
almışdım, cəmi on səhifə oxuya bildim. Terminlər, ümumiyyətlə, bütöv abzaslar səhv
tərcümə olunmuşdu. Eynilə Nitşenin "Zərdüşt belə söylədi” kitabını da oxumaq
mümkün deyildi. Axırda internetdən hər ikisinin ruscasının tapıb oxudum. Yəni
belə əsərlər hər tərcüməçinin öhdəsindən gələcəyi mətn deyil.
- Sizə xeyli ziyan vurmuşuq ki?! Burda bir problem var. Ya
mütəxəssis dili yaxşı bilmir, elə bir formada tərcümə edir ki, onu dilçi qəbul
etmir. Dilçi tərcümə edəndə isə mütəxəssis deyir ki, yox, terminologiyası
yanlışdır, düzgün istifadə olunmayıb. Odur ki, bunun ortasında nəsə eləmək
lazımdır. Ya dilçi tərcümə etməlidir, mütəxəssis redaktə, ya da əksinə. Bəzən hər
iki tərəf çox mühafizəkar yanaşır işə, deyirlər ki, mənim tərcümə etdiyim mətni
dəyişmək olmaz, mübahisələr yaranır. Amma "Zərdüşt belə söyləmişdir” əsərini
ikinci dəfə – Veysəllinin tərcüməsində çap edəcəyik. Birbaşa alman dilindən tərcümə
olunub.
- Mən oxuduğum Əlisa Nicatın tərcüməsi idi.
- Hə, onu mən də oxumuşdum, kifayət qədər səhv vardı. O tərcümə
ki uğursuz olur, onu yenidən tərcümə etdirməyə çalışırıq. Düzdür, bəlkə bu,
oxuculara münasibətdə bir az ədalətsiz yanaşmadır, amma neynəyə bilərik?! Artıq
hansı ədəbiyyatı kimin tərcümə etməli olduğunu bilirik. İndi çıxan elmi
kitablarımızda elə nöqsanlar görməzsiniz. Hararinin kitabları, "Millətlər necə
tənəzzül edir?”, "Kosmos” kitabları, yaxud Stiven Houkinqin əsərləri buna
sübutdur.
- Son sualım. Siz seçki prosesini ciddi izləyirdiniz,
saxtakarlıq videolarını paylaşırdınız, gəncləri dəstəkləyirdiniz. Sabir Rüstəmxanlının
yenidən namizədliyini verməsinə münasibətiniz necə oldu?
- Sizə səmimi bir şey deyim. Mənə elə gəlir ki, Vəfa Nağı
çox böyük bir qəhrəmanlıq etdi. Getdi, oxudu, gəldi, getdi Neftçalaya, ordan bələdiyyəyə
namizədliyini verdi və şükür ki, seçildi. Sabir müəllim Neftçaladan namizədliyini
verəndə demişdim ki, Vəfa Nağı da eyni dairədən namizəd olsa, mən Vəfaya səs
verəcəyəm. Yaxşı ki, Vəfa ordan namizədliyini vermədi. Mən Sabir müəllimin
yerinə heç nə deyə bilmərəm. Nə qədər ki kiminsə həyatına müdaxilə etmirsən, o
da sənin həyatına müdaxilə etmir.
- Millət vəkilliyinə namizədliyinə, ya da seçilməsinə
münasibət bildirmək Sabir Rüstəmxanlının həyatına müdaxilə eləmək deyil, axı?!
O, təkcə sizin qardaşınız deyil, həm də ictimai fiqurdur.
- Əgər belə bir istəyi olubsa, mən nə deyə bilərəm ki? Amma
mən onun yerində olsaydım, bəlkə də bunu eləməzdim. Onsuz da Sabir müəllimi hər
kəs tanıyır. Onun belə bir ehtiyacı, sıxıntısı yox idi, olmamalıydı. Adətən,
insan hansısa bir səlahiyyətə niyə can atır? Çünki səlahiyyətə görə ona hörmət
qoyulur, səlahiyyətinə görə onu qəbul eləyirlər. Amma o, elə deyildi, axı?! Həmin
Sabir idi, xüsusi səlahiyyətə ehtiyacı yox idi. Ancaq namizədliyini verdi.
Ümumiyyətlə, seçki məsələsi aktuallaşanda mən çox optimist idim və dostlarımın
bu prosesə qatılmasını istəyirdim. Doğrudur, xeyli sayda gözləmədiyimiz hallar
oldu, istədiyimiz nəticəni almadıq. Amma eyni zamanda xeyli sayda yaxşı,
bacarıqlı insanları görüb tanıdıq. Məsələn, Azər Qasımlı mənim üçün həqiqətən
bir tapıntı idi. Təbliğat aparmaq qaydası, ardıcıllığı, peşəkarcasına
yanaşması. Mən onu görəndə çox sevindim. Sonra Vəfa Nağı kimi, Nurlana Cəlil
kimi cəsarətli qızlar vardı. Mehman seçki prosesini çox unikal bir formada
aparırdı, ümumiyyətlə, seçki prosesində çox cəsarətli, təkrarsız rol oynadı. Bu
mənada mən onlar kimi yanan işıqları daha faydalı hesab eləyirəm, nəinki sönən
işıqları. Digər tərəfdən böyük saxtakarlıqlar olsa da, bu seçkilər cəmiyyəti
xeyli aktivləşdirdi, hər kəsi prosesə cəlb etdi, hamı seçki ilə maraqlandı.
Saxtakarlar da o videolarda, ən azı, özlərini görə bildilər. Onlar sonra necə…
Hərçənd baxacaqlar.
- Şahbaz bəy, axırıncı sual dedim, amma koronavirus yadıma
düşdü. Qanun nəşriyyatı bir həftə əvvəl- yəni virusun Azərbaycana "gəlişi” gündəmə
düşər-düşməz "Korona virusu” adlı kitab buraxıb. Bu xəbəri görəndə ilk ağlıma gələn
"nə tez” sözü oldu. Amma indi kitaba baxıram və görürəm ki, bu, iki günə
hazırlanmış kitab deyil, üstündə birinci cild olduğu yazılıb.
- Yox, bu kitab geneologiya, viruslar haqqındadır və çoxdan
hazırlayırdıq. Mən cild qoyulmasının tərəfdarı deyildim, müəllif təkid elədi.
Adı da bir az fərqli idi. Mən dedim ki, əgər içində korona virusu haqqında
yazılıbsa, adı da elə bu olmalıdır. Yəni oxucumuza xəyanət eləməmişik, sadəcə
yolunu qısaltmışıq. Bir şey danışım. İlon Maskın gəmisi kosmosa uçmalıydı və mən
bunun hansı tarixdə baş verəcəyini bilirdim. Bu, elə bir hadisəydi ki, yanından
keçib getmək olmazdı. Mən dərhal İlon Maskla bağlı bir kitab tapdım, tərcümə
etdirdim və çapa verdim. İlon Maskın gəmisi uçan gün bizim kitab da çıxdı.
- Bu sizin yaxşı biznesmen olduğunuzdan xəbər verir.
- Bəzən bu cür şeylər, həqiqətən, düşünülmüş formada olur.
Mütləq hansısa bir damarı tutmaq, onu hiss etmək lazımdır. Mən istəyirəm ki,
oxucular da nəşriyyatın damarını tutsunlar. Bilsinlər ki, belə bir nəşriyyat
var və əgər İlon Maskın gəmisi uçursa, deməli, nəşriyyatda mütləq onunla bağlı
bir şey olacaq. Əgər koronavirus varsa, mütləq bununla bağlı bir şey olacaq.
Yaxud hansısa film mükafat alacaqsa, dünya futbol çempionatı olacaqsa, deməli,
bu nəşriyyat onunla bağlı nəsə buraxacaq.
Söhbətləşdi: Aygün Aslanlı
Mənbə: azlogos.eu
Şərhlər