Siyasət 18:35 13.05.2022

“Sən sus, Fəzail”

Ramiz Mehdiyev siyasi səhnədən uzaqlaşdırılsa da, onun davamçıları hələ də fəaliyyətdədir. Bu şəxslərdən biri də Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalıdır. 

1995-ci ildən Milli Məclisdə təmsil olunan AVP sədrinin Ramiz Mehdiyevin davamçısı kimi təqdim edilməsi qəribə görünə bilər. Ən azı ona görə ki, son dövrlərdə akademiki ən çox tənqid edənlərdən biri Fəzail Ağamalı olub. Bununla belə, bir çox ekspertlərin fikrincə, Fəzail Ağamalının məlum çıxışları sadəcə aldadıcı tryukdur. 

Ekspertlər AVP sədrinin Ramiz Mehdiyev barəsində tənqidi çıxışlarının onun hakim komandada arzuolunmaz şəxsə çevrildiyi dövrə təsadüf etməsinə diqqət çəkir. Bundan əvvəl isə Fəzail Ağamalının akademik barəsindəki mədhiyyələrinə rast gəlinir: 

"Ölkədə həyata keçirilməsi gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz geniş məqaləsində də qeyd etdiyi kimi, əqidəsində müəyyən problemlər olan, tutulan yola sədaqət nümayiş etdirə bilməyən, fəaliyyətində yeniliyi ortaya qoymağı bacarmayan, tükənən məmurlar yeni komandada yer ala bilməyəcək”.

"Hesab edirəm ki, Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur. Ramiz Mehdiyev heç vaxt istəməz ki, dövlət qurumları və məmurlar arasında bu cür gərgin münasibətlər olsun. Bir daha deyirəm ki, bu sadəcə Məleykə Abbaszadənin təkəbbüründən və karyerist olmasından irəli gəlir”. 

İqtibas gətirdiyimizi hər iki fikir Fəzail Ağamalıya aiddir. 

Bu səbəbdəndir ki, Fəzail Ağamalının siyasi səhnədə mövcudluğunun təminatçısı kimi hər zaman Ramiz Mehdiyevin adı çəkilib. 

Fəzail Ağamalı ilə Ramiz Mehdiyevin yaxınlığı birincinin Politexnik İnstititunun (indiki Texnologiya Universiteti) Kirovabad (indiki Gəncə) filialında işlədiyi dövrə təsadüf edir. Məlumat üçün deyək ki, Fəzail Ağamalı sözügedən təhsil müəssisəsində 1983-1988-ci illərdə işləyib. Həmin dövrdə Ramiz Mehdiyev Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi vəzifəsində çalışıb. 

Təqdim etdiyimiz fotoda Fəzail Ağamalı təşkil etdiyi marksizm-leninizim üzrə ictimai elmlər kabinetinin işi ilə Ramiz Mehdiyevi tanış edir.



Ümumiyyətlə, Fəzail Ağamalı qalmaqallı və mövqeyini vaxtaşırı dəyişən siyasətçi kimi tanınır. Vaxtilə eks-prezident Əbülfəz Elçibəyi mənəvi lideri hesab edən AVP sədri 1993-cü ildən sonra mövqeyini 180 dərəcə dəyişib. Əbülfəz Elçibəyin alovlu müdafiəçisi onu ən sərt tənqid edən fiqura çevrilib. Biz hələ 70-ci illərdə Elçibəy həbs olunarkən Fəzail Ağamalının onun əleyhinə ifadə verdiyini demirik. Bu fakt bu günə qədər təkzib olunmayıb. 

Mərhum Elçibəy də Fəzail Ağamalı ilə bağlı fikirlərində buna eyham edib. Məsələn, ANS-in "Ən yeni tarix” verilişində Fəzail Ağamalı 1993-cü ildə Azərbaycanın siyasi həyatında baş verən proseslərdən danışarkən Elçibəy ona xitabən demişdi: "Sən sus, Fəzail. Mənim yanımda danışma”. Zənnimizcə, əlavə şərhə yoxdur. 

Aydın