Yəməndə uzun müddətdir davam edən kövrək sabitlik yenidən pozulmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər arasında qarşılıqlı hücumların intensivləşməsi bölgədə yeni genişmiqyaslı münaqişə ehtimalını artırır. Ekspertlər hesab edirlər ki, gərginliyin dərinləşməsi təkcə Yəmənlə məhdudlaşmayacaq, həm də qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.
Qarşılıqlı hücumlar cəbhə xəttini yenidən alovlandırıb
Son eskalasiya Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin qərbində yerləşən Əl-Hudeydə şəhərində hərbi hədəflərə endirdiyi hava zərbələri ilə başlayıb.
Koalisiya mənbələrinin məlumatına görə, Səudiyyə Kral Hərbi Hava Qüvvələri husilərə məxsus olduğu bildirilən mövqeləri hədəfə alıb. Bu, 2022-ci ildə əldə olunan atəşkəsdən sonra koalisiyanın Yəməndə həyata keçirdiyi ilk iri hava əməliyyatlarından biri hesab olunur.
Husilər isə cavab olaraq Səudiyyə Ərəbistanının mühüm enerji obyektlərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etdiklərini açıqlayıblar. Qrup "Aramco" şirkətinə məxsus Cizan və Yənbu şəhərlərindəki enerji infrastrukturlarını hədəfə aldıqlarını bildirib. Səudiyyə Ərəbistanı hələlik obyektlərə dəyən zərərin miqyası barədə rəsmi açıqlama verməyib.
Səudiyyə koalisiyası əməliyyatları genişləndirib
Əl-Hudeydə hücumlarından sonra Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinə bağlı media koalisiya qüvvələrinin Mərib və Əl-Cəvf bölgələrində husilərə aid raket qurğuları və silah anbarlarını vurduğunu bildirib.
Müşahidəçilər bu əməliyyatları BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmadan sonra həyata keçirilən ən genişmiqyaslı hərbi addımlardan biri kimi qiymətləndirirlər.
Ekspertlər yeni müharibə riskindən xəbərdarlıq edir
Bölgə üzrə ekspertlər hesab edirlər ki, hadisələr artıq nəzarətdən çıxmağa başlayır.
Birmingem Universitetinin tədqiqatçısı Umer Kərim bildirib ki, hazırkı mərhələdə hücumlar qarşılıqlı cavab xarakteri daşısa da, prosesin daha böyük müharibəyə çevrilməsi ehtimalı getdikcə artır.
Beynəlxalq Böhran Qrupunun Yəmən üzrə eksperti Əhməd Naci isə İranın husiləri daha sərt mövqe tutmağa təşviq etdiyini və Yəməndəki böhranın artıq daha geniş regional rəqabətin tərkib hissəsinə çevrildiyini deyib.
ABŞ-ın Yaxın Şərq siyasəti üzrə sabiq rəsmisi Allison Minor da İranın gərginliyin artmasında mühüm rol oynadığını, lakin husilərin eyni zamanda öz maraqlarına uyğun müstəqil qərarlar qəbul etdiyini bildirib.
İran-husi münasibətlərinin sərhədləri
İran Araşdırmaları Mərkəzinin (İRAM) tədqiqatçısı Dr. Çağatay Balcı qeyd edib ki, İran husilər üzərində təsirini qorumağa çalışsa da, bu münasibətlər Tehranın digər silahlı qruplarla əlaqələrindən fərqlənir.
Onun sözlərinə görə, husilər əsasən öz strateji məqsədlərinə uyğun hərəkət edirlər. Bununla belə, son dövrdə İranın təsiri daha da güclənib. Dr. Balcı hesab edir ki, Bab əl-Məndəb boğazının bağlanması İranın strateji planlarından biri idi və husilər bu addımı Tehranın dəstəyini itirməmək üçün atmış ola bilərlər.
Niyə diplomatik yaxınlaşma nəticə vermədi?
Dr. Çağatay Balcı bildirib ki, 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında başlayan diplomatik normallaşma dövlətlərarası münasibətləri yumşaltsa da, Yəməndə vəziyyəti dəyişməyib.
Onun sözlərinə görə, həmin razılaşmada Yəmənlə bağlı konkret öhdəlik yox idi və husilər artıq yalnız İranın "vəkil qüvvəsi" deyil, öz strategiyasını formalaşdıran müstəqil aktora çevriliblər.
Ekspert əlavə edib ki, 2022-ci ilin aprelində elan edilən atəşkəs həmin ilin oktyabrında başa çatıb və o vaxtdan bəri rəsmi atəşkəs sazişi imzalanmayıb. Son həftələrdə husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edib, neft tankerlərinə hücumlar təşkil edib, Səudiyyə Ərəbistanı isə buna hava zərbələri ilə cavab verib.
Qırmızı dəniz və enerji bazarları risk altındadır
Yəməndəki gərginlik dünya enerji bazarlarında da narahatlıq yaradıb. Husilərin Qırmızı dənizdəki fəaliyyəti qlobal neft daşımalarının əsas marşrutlarından olan Bab əl-Məndəb boğazının təhlükəsizliyini yenidən gündəmə gətirib.
Son hücumlardan sonra Brent markalı neftin qiyməti bir barel üçün 100 ABŞ dollarını ötüb. Analitiklər hesab edirlər ki, bazarlar artıq təkcə neft tədarükünü deyil, həm də Hörmüz və Bab əl-Məndəb boğazlarının eyni vaxtda bağlanması riskini qiymətləndirirlər.
Atəşkəs tam pozularsa nə baş verə bilər?
Dr. Çağatay Balcı bildirib ki, Yəməndə atəşkəsin tam çökməsi İran-ABŞ-İsrail qarşıdurmasını daha da dərinləşdirə və enerji bazarlarında yeni qiymət şoklarına səbəb ola bilər.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının neft ixracını alternativ marşrutlara yönəltməsi belə tam təhlükəsizlik təmin etmir, çünki Asiyaya gedən tankerlər yenə də Bab əl-Məndəb boğazından keçmək məcburiyyətində qalırlar.
Husilər geri addım atacaqmı?
Yəmənli tədqiqatçı Farea əl-Müslimi hesab edir ki, husilərin hazırkı siyasətindən imtina etməsi real görünmür.
Onun sözlərinə görə, qrup İranın dəstəyindən və Səudiyyə Ərəbistanına qarşı mübarizə ritorikasından daxili siyasi alət kimi istifadə edir.
Farea əl-Müslimi bildirib: "Husilərin hər problemin yalnız bir həlli var: düşmən tapmaq, bütün məsuliyyəti onun üzərinə qoymaq və müharibəyə başlamaq".
Aydın
Şərhlər