"Düşünürəm ki, bəzi
sərt addımlar atılmalıdır. İnsan təmasını minimuma endirmək lazımdır".
Bunu Qaynarinfo-ya
açıqlamasında TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif
Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesusun
"Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli
trayektoriyadadır” fikrini şərh edərkən deyib. O bildirib ki, Operativ Qərargah
tərəfindən monitorinqlər aparılıb və addımlar atılmalıdır:
"Havaların
soyuması ilə bağlı infeksiyanın artması məsələsinə ciddi yanaşmaq lazımdır.
Vaxt söylənilməsə belə, düşünürəm ki, bir neçə ay bizi çətinliklər gözləyir.
Çox diqqətli olmalıyıq. Xüsusən də payız aylarındayıq və qışa doğru gedirik. Hələ
ki, kəskin artım müşahidə olunur. Deyərdim ki, virusun ən kritik dönəmindəyik".
Vasif Əliyev qeyd
edib ki, Azərbaycanı çətin günlər gözləyir:
"Bu, nə qədər
davam edəcək bilmirik. Hansı formada artım olacaq, o da bəlli deyil. Virus daha
da yuksəlməyə də doğru gedə bilər. Bir sıra rayonlara giriş-çıxışa məhdudiyyətlər
qoyulub, məktəblər, metro bağlanılıb. Azərbaycan həm də müharibə şəraitindədir.
Həm ön, həm də arxa cəbhədə müharibə gedir. Cəbhə zonalarımızı virusdan
qorumalıyıq".
TƏBİB rəsmisi hesab
edir ki, bütün bunlar onu deməyə əsas verir ki, insanlar koronavirusu arxa
plana atıb:
"Ancaq bu, belə
olmamalıydı. Koronavirus artmağa doğru gedir və aktuallığını itirməyib.
İnsanların həyatı üçün hələ də təhlükə var".
Qeyd edək ki,
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədəki
brinfinqdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edib və çətin günlərin
qabaqda olduğunu vurğulayıb.
Bahar Rüstəmli
Şərhlər