Türkiyənin
nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koçun qələmə aldığı Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında "Qardaş
ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı"
("Kardeş ülkede neler oluyor? Mihriban Aliyeva ile Azerbaycan’da değişim
rüzgârı") adlı geniş məqalə dərc olunub.
"Report"un
xəbərinə görə, məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev
ictimaiyyətdən yüksələn səslərə biganə qalmadı. Birinci vitse-prezident vəzifəsinə
Mehriban Əliyevanın gətirilməsi ilə dəyişikliyin düyməsinə basıldı. Ölkədəki
köhnə vərdişlər bir tərəfə qoyulur və tamamilə başqa siyasət aparılır.
Müəllif
yazır:
"Sənəti, mədəniyyəti, mənəvi kodları, dərin tarixi və ədəbiyyat
bazası ilə Azərbaycan Qafqazın göz bəbəyidir.Azərbaycan torpaqları Ermənistan tərəfindən
işğal edilən, saysız-hesabsız sınaqlardan çıxan və bütün itkilərə baxmayaraq,
sistemini, dövlət ənənəsini nizama salmağı bacaran bir ölkədir. Azərbaycan erməni
lobbisi və dünyadakı dəstəkçilərinin gücünə baxmayaraq, torpaqlarındakı işğalı
dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi layihələrə imza atıb.Dövlət başçısı
İlham Əliyevin siyasi iradəsi, mövqeyi və duruşu bu məsələdə Azərbaycanı
addım-addım uğura aparır”.
Müəllif
qeyd edib ki, Gürcüstan, Ermənistan və Ukrayna nümunələrinə baxsaq, Rusiya ilə
ciddi qarşıdurma yaşayan qüvvələrin ətrafdakı ölkələri alətə çevirdiyinə və
çevirəcəyinə diqqət yetirsək, Azərbaycanın hazırkı siyasi addımlarının mənasını
təhlil etmək daha asan olacaq.
"İran
və Rusiya ilə qonşu olması səbəbindən də Azərbaycanın mövqeyi və rolu fərqli
prizmalarda şərh olunmalıdır. İran əhalisinin böyük bir hissəsinin Azərbaycan
türklərindən ibarət olması isə İranın Azərbaycanın siyasi həyatına necə sirayət
etmək cəhdlərini göstərir.Neft yataqlarının Azərbaycanı böyük şahmat
oyunlarının mərkəzi halına gətirməsi də Azərbaycanın bu vəziyyətdə özünü necə
qoruya bildiyini dərk etməniz üçün ciddi ipucları verməkdədir. Bu vəziyyət
Prezident İlham Əliyevin balanslı siyasətinin necə dizayn edildiyinin də göstəricisidir”
– deyə, məqalədə qeyd olunur.
Koç məqaləsində
onu da əlavə edib ki, unutmamaq lazımdır ki, Azərbaycan kimi əvvəlki siyasi
durumu ilə hesablaşaraq, yeni siyasi formanı mənimsəmək ərəfəsində olan bütün
dövlətlər üçün bu keçid dövrü uzun və məşəqqətli olur.
Daha
sonra məqalədə vurğulanır ki, Azərbaycan iqtisadi cəhətdən gücləndi, dəyişikliyin
davamlı hala gətirilməsi üçün Prezident Əliyevin ciddi həmlələri gündəmdədir:
”Prezident Əliyev ictimaiyyətin necə bir dəyişiklik istəməsinə sözün həqiqi mənasında
qulaq asmaq siyasətini genişləndirməyə başladı. Lideri və ya Dövlət başçısını
ayaqda saxlayacaq tək şeyin öz xalqı ilə müttəfiq olmaq olduğunu bilir. Sosial
media və bütün medianı, xalqdan gələn səsləri və hətta ən ucdakı marginal səsləri
belə eşitməyin, bu səslərə qulaq asmağın və meydana çıxan çatışmazlıqlardan istifadə
etməyə çalışan güclərin əlindən alınmasının lazım olduğunu görə bilmək bir
siyasətçi və Dövlət başçısı üçün böyük bacarıqdır”.
Koç əlavə
edib ki, uzun illər ölkənin idarəçiliyində olmuş, yaşları xeyli irəliləmiş şəxslər
xalqda ciddi etiraza səbəb olurdu. "Yeni nəslə qapı açmaq, günümüzün dəyərləri
içərisində öz milli dəyər və kimliyini qorumaq refleksini möhkəmləndirmək
olduqca vacibdir. Bunu xüsusilə Birinci vitse-prezidentlik vəzifəsinə təyin
olunan Mehriban Əliyevanın müəyyənləşdirdyi yol və metod daha da irəliyə
apardı” - deyə, məqalədə deyd olunur.
Mehriban Əliyeva reallığı
Müəllif onu da əlavə edib ki, uzun zamandır Heydər Əliyev
Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və
sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkdi.
Koç məqalədə qeyd edib ki, "Azərbaycana beynəlxalq səviyyədə
ciddi qarşılığı olan layihələri gətirərək, dünyadakı Azərbaycan əleyhdarı olan
lobbilərlə mübarizə aparmaq səylərini davam etdirdi. Hər tərəfdən mühasirəyə
alınan Azərbaycanda baş verənlərin dünyaya çatdırılması üçün mədəni layihələrlə
mühasirələr yarılmaya başladı. Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə
təyinatını bu sahələrdəki uğurlarının nəticəsi kimi dəyərləndirmək bizi gerçək
nəticələrə aparır.Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva fərqli bir
yolu sınaqdan keçirməyə başladı”.
Müəllif əlavə edib ki, toplumdakı fərqli siyasi qrupları, hətta
narazı səsləri belə "mərkəzə çəkmə, onları dinləmə və etiraz etdikləri məsələlərin
çarəsini tapmaq" siyasəti Mehriban xanım Əliyevanın siyasi ağıl istehsal
etmək sahəsində bacarığını da göstərmiş oldu.
Məqalədə o da vurğulanıb ki, Mehriban xanım Prezident Əliyev
idarəçiliyinə müxalif olanlara hətta belə demək mümkünsə, nifrət dolu siyasi
qruplaşmalara qarşı "yumşaq və dinləyən tərəf" profilini ortaya
qoymaqla Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.
"Azərbaycan yenidən və daha fərqli bir dəyişiklik modelinə
keçdiyini son aylarda atdığı addımlarla açıq nümayiş etdirir."İdarəçilikdən
getməsi mümkün olmayacaq" deyilən şəxsləri pensiyaya göndərmək forması isə
dövlət ənənəsi baxımından yeni bir düzəni ortaya qoyur."Sovetlər Birliyi
dağılsa da, hələ də şüurlarda bolşevik təfəkkürü hökm sürməkdədir. Gələnin gedəni
yox etməsi siyasəti üzərində qurulmuş bolşevik baxış bucağı Azərbaycanın gələcəyi
üçün qorxunc hadisədir..." Marginallaşan siyasi qüvvələrin bu ifadələrinə
nəzər saldıqda görürük ki, idarəçilikdəki kadrlara nifrətlə yanaşılır. Bunu
dövlət idarəçiliyindəki şəxslərin hərəkətləri və xalqı nəzərə almayan kadrların
möhkəmləndirdiyi də bir gerçəkdir” - deyə, müəllif qeyd edib.
Koç öz məqaləsində onu da qeyd edir ki, "Bəzi RİH başçıları
və nazirlərin xalqla münasibətlərindəki davranışı və xalqa yuxarıdan aşağı
baxması ilə marginallaşan narazı səslərin ortaya çıxmasını körüklədiyi hər kəsə
məlumdur. Digər tərəfdən, bu marginal qüvvələr daha çox Azərbaycana qorxunc nəticə
vəd edir!Unutmamaq lazımdır ki, İran-Rusiya-Qərb üçbucağında "Azərbaycanda
belə bir fəlakət olsa, nə etmək lazımdır" sualı çox vacibdir. Prezident
İlham Əliyev bütün bunları dərk edərək, dəyişiklik küləyini başlatmış kimi
görünür. Köhnə fikirli, yeniliyə açıq olmayan, xalqla arasındakı bağı qoparmış
şəxsləri sayğı ilə pensiyaya göndərir. Xalqla arası açılan RİH başçılarını və
yerli idarəçiləri cəzalandırır, gənc nəslin təmsilçilərini və rüşvətə
bulaşmamış adların idarəçiliyə gətirilməsi xalqda ümidlərin cücərməsinə səbəb
olur”.
Türkiyəli jurnalist məqaləsində Mehriban Əliyevanın xüsusilə
mərhum Prezident Əbülfəz Elçibəy və onun ailəsinə göstərdiyi hörmət və bunu
sübut edən hərəkətləri ictimai sabitlik baxımından önəmli siyasi addım kimi
qiymətləndirildiyini də vurğulayıb.
"Mərhum Elçibəyin evinin təmir olunması xalqda simpatiya ilə
qarşılanıb. Elçibəyin bir neçə ay əvvəl vəfat edən həyat yoldaşının bütün cənazə
xərclərinin Mehriban Əliyeva tərəfindən qarşılanması isə adət-ənənə baxımından
Mehriban Əliyevanın dəyərlər sisteminə necə baxdığını üzə çıxardığı üçün
alqışla qarşılandı” - deyə, məqalədə qeyd olunur.
Müəllif onu da vurğulayıb ki, Azərbaycan idarəçiliyini ən sərt
şəkildə ittiham edən, Əliyev ailəsinə tənqid dolu çıxışları ilə müxalifətçilik
edən fəal Oqtay Gülalıyevin qəza nəticəsində xəstəxanaya düşməsi də Mehriban
Əliyevanın diqqətindən yayınmayıb.
"Qəzada Əliyev idarəçiliyi ittiham olunsa da, Gülalıyevin
Birinci vitse-prezidentin tapşırığı əsasında özəl təyyarə ilə Türkiyəyə göndərilməsi
və bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsi Azərbaycanda
ictimai sabitliyin ünvanının da Mehriban Əliyeva olduğunu açıq şəkildə göstərir”-
deyə, Koç vurğulayıb.
O, Azərbaycanın özünü nə Gürcüstan, nə də Ukrayna kimi macəralı
küləklərə təslim etməyəcəyini qeyd edib.
"Geostrateji baxımdan Azərbaycanı gəldiyi bu nöqtədə əzməyə
cəhd edən güclərin olduğu aşkardır. Ermənistan tərəfindən edilən və mütəmadi
olaraq, müharibənin başlanmasına hesablanan təxribatçı həmlələrin əsas səbəbi də
budur. Yeni gərginlik və müharibə şəraiti böyük güclər üçün zəmin yaranması mənasını
daşıyır. Bunu birbaşa görən və bu dəyişikliyi başqalarının əli ilə deyil, öz
millətinin yerli və milli insanları ilə birlikdə həll etmək uğurun ən böyüyü
olacaq” - məqalədə qeyd olunur.
Şərhlər