Xəbər lenti

“Türkiyə Ermənistanla sərhədlərini açarsa...” - Ekspert
Siyasət 13:10 12.09.2023

“Türkiyə Ermənistanla sərhədlərini açarsa...” - Ekspert

"Ərdoğan Paşinyanla telefon danışığında onu 44 günlük Qarabağ müharibəsindən nəticə çıxarmağa çağırıb. Türkiyə lideri izah edib ki, bölgədə yenidən gərginlik deyil, normal qonşuluq münasibətlərinin yaranması üçün siyasi iradə nümayş etdirmək lazımdır. Bu fonda Türkiyə tərəfindən Ermənistana sərhədlərin açılması kimi bir jest də edilə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığında Türkiyə-Ermənistan sərhədlərinin açılmasının müzakirə predmeti olub-olmadığına aydınlıq gətirərkən deyib.

"Son zamanlar Ermənistanda ciddi təlatümlər yaşanır. İrəvan "əl dəyişdirməyə” başlayıb. İndiyə kimi, ermənilər daha çox Rusiyanın himayəsində olmaq istəyirdilər. İndi Paşinyan hakimiyyəti özünə yeni müttəfiqlər axtarır. Paşinyan İtaliya nəşrinə müsahibəsində də bildirib ki, ölkənin təhlükəsizliyi bir blok və bir dövlətdən asılı olmamalıdır. Paşinyanın hazırda Ermənistanın oturduğu masadan başqa bir masaya keçməsi üçün siyasi, hüquqi və psixoloji zəmin hazırlayır. İndiki dövrdə çalışmalıyıq ki, Ermənistanın yeni havadarları Azərbaycana müttəfiq olsun”, deyə Taleh Əliyev bildirib.



Ekspert qeyd edib ki, bölgədə Rusiyanın zəifləməsindən istifadə edən İran, Hindistan, Fransa kimi anti-Azərbaycan mövqeli ölkələr də aktiv siyasi xətt sərgiləməyə başlayıb. Həmçinin, qardaş Türkiyə də Cənubi Qafqazda güclənir. Taleh Əliyev bildirib ki, Ankara Ermənistanla da normal münasibətlərin qurulmasında maraqlıdır: 

"Bakı da bu prosesdə çalışmalıdır ki, Ermənistan Azərbaycanla dost və müttəfiq münasibətlərdə olan ölkələrdən asılı olsun, nəinki ölkəmizə təhdid yaradacaq ölkələrlə müttəfiqlik etsin. Ərdoğan G20 samitinin Hindistan toplantısında açıqlama verdi ki, İlham Əliyevlə danışıb və Paşinyanla da danışacaq, onu konstruktiv mövqe sərgiləməyə dəvət edəcək”. 

Taleh Əliyev qeyd edib ki, heç şübhəsiz ki, Ərdoğan Paşinyanla telefon danışığında normal qonşuluq münasibətlərinin yaranması üçün siyasi iradə nümayş etdirməyə dəvət edib:

"Bu fonda Türkiyə tərəfindən Ermənistanla sərhədlərin açılması kimi bir jest də oluna bilər. Sərhədlərin bağlı olmasına baxmayaraq, 100 mindən artıq erməni vətəndaşı Türkiyədə çalışır. Telefon danışığında bu prosesin daha da genişlənməsi təklif oluna bilər. Bu eyni zamanda, Azərbaycanın da marağında olan məsələdir. 44 günlük müharibədən sonra Ərdoğan israrla bəyan edir ki, Türkiyə-Azərbaycan münasibətləri sinxron olunmuş formada inkişaf etdiriləcək. Bu baxımdan, Türkiyə ilə Ermənistan arasında olan danışıqlardan nəinki narahat olmalı deyilik, əksinə, müsbət düşünməliyik. Rusiyanın tərk etdiyi regiona anti-Azərbaycançı qüvvələrin gəlməsindənsə, dost və müttəfiq ölkələrin gəlişi, onların İrəvana geosiyasi təsirlərinin artmasında maraqlı olmalıyıq”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->