Dünya 16:41 25.03.2023

Ukrayna Macarıstana zərbə vurmağın yolunu tapdı.. - "Kommersant" yazır

"Ukrtransnafta" şirkəti Rusiya neftinin Ukraynanın magistral kəməri - "Drujba"nın cənub qolu vasitəsilə tranziti üçün tarifi artırmağa hazırlaşır. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, tariflər iki dəfə artacaq - ton üçün 13,6 avrodan 27,2 avroya qədər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" məlumatlı mənbələrə istinadən yazır.

Ehtimallara görə, dəyişikliklər aprelin 1-dən qüvvəyə minəcək, lakin yekun qərar yoxdur, tərəflər arasında danışıqlar davam edir. "Drujba” kəməri ilə Rusiyadan ixrac neftinin vurulması xərclərini ödəyən Rusiyanın "Transneft”i nəşrə bildirib ki, onlar Kiyevin niyyətindən xəbərdardırlar, lakin artımın vaxtı və parametrləri barədə məlumatsızdırlar. Şirkət həmçinin qeyd edib ki, Ukrayna bu məsələni "ilk növbədə idxalçılarla – Slovakiya və Macarıstanla” əlaqələndirməlidir.

Ukrayna hakimiyyəti tariflərin artırılmasını döyüşlər nəticəsində zədələnən boru kəməri infrastrukturunun bərpası xərcləri ilə əlaqələndirir. Eyni zamanda, qəzetin mənbələri Ukraynanın rüsumları qaldırmaq istəyinin Rusiyadan neft almaqdan vaz keçmək istəməyən Macarıstanın siyasəti ilə bağlı ola biləcəyini irəli sürüb. Bundan əlavə, mənbələrin məlumatına görə, Transneft-i maliyyə sxemindən çıxarmaq üçün tərəflər tranzit üçün fakturaların birbaşa idxalçı ölkələrə ötürülməsi imkanlarını müzakirə ediblər, lakin bu variant hələ razılaşdırılmayıb.

Alpər