Dünya 13:04 01.07.2022

Ukrayna xəbərdarlıq edir: maliyyə böhranı ilə üzləşəcəyik

Beynəlxalq tərəfdaşlar, o cümlədən AB maliyyə böhranının qarşısını almaq üçün Ukraynaya təcili yardım göstərməlidir.
 
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna maliyyə naziri məlumat verib.

"Qaçmaq istədiyimiz ən vacib məqam maliyyə böhranı, hiperinflyasiya, milli valyutamızın devalvasiyasıdır", - Ukrayna maliyyə naziri Sergey Marçenko Politico-ya müsahibəsində deyib.

Rusiyanın işğalı nəticəsində bu il ölkədə hasilatın 45 faiz azalacağı və hökumətin ayda 5 milyard dollarlıq büdcə kəsiri ilə üzləşəcəyi gözlənilir.

Müharibə başlayandan bəri Ukrayna müttəfiq hökumətlərdən və beynəlxalq maliyyə institutlarından təxminən 8 milyard dollar qrant və kredit alıb, lakin bu məbləğ boşluğu doldurmaq üçün kifayət etmir.

"Bizim cari büdcə kəsirimiz çox böyükdür. Beynəlxalq yardım olmadan bu, sadəcə olaraq, bizim nazirliyimiz üçün, Ukrayna bankı üçün əlavə başağrısını artıracaq, çünki biz müharibədən əlavə, onun yaratdığı digər risk mənbələri ilə məşğul olmalıyıq”,- Marçenko deyib.

May ayında AB Ukraynaya 9 milyard avroya qədər güzəştli kredit ayırmağı öhdəsinə götürüb, lakin Almaniyanın istəksizliyi səbəbindən proses uzanır. Berlin Kiyevin onsuz da yüksək olan borc yükünü əsas gətirərək, əvəzində qrantlar verilməsini təklif edir.

Ukrayna əlavə maliyyə yardımı üçün BVF ilə də danışıqlar aparır. Marçenko deyir ki, adətən bu cür proqramlara əlavə olunan şərtlər, o cümlədən fiskal dayanıqlıq müharibə şəraitində olan ölkə üçün uyğun deyil.

Nurlan Hüseynov