"Wall Street Journal" (WSJ) bu gün Çinin xarici işlər nazirinin bu ilin iyulunda gözlənilmədən istefa verməsinin səbəbini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, qəzetin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Çin Kommunist Partiyasının müvafiq orqanları tərəfindən aparılan daxili audit nəticəsində müəyyənləşib ki, Qin Qanq hələ Çin Xalq Respublikasının ABŞ-da fövqəladə və səlahiyyətli səfiri vəzifəsində olarkən orada nikahdan kənar münasibət yaşayıb, hətta ata olub. Məlumata görə, auditin nəticələri barədə məlumat hələ avqust ayında ölkənin yüksək vəzifəli şəxsləri, o cümlədən nazirlər və əyalət rəhbərlərinə çatdırılıb.
Keçmiş nazirin sevgilisi və oğlunun adı açıqlanmayıb. Amma qeyd edilib ki, sabiq nazirə qarşı istintaq onun tam əməkdaşlığı ilə davam edir. Hazırda müstəntiqlər keçmiş nazirin nikahdankənar əlaqəsi və ya digər hərəkətlərinin milli təhlükəsizliyə zərər vurub-vurmadığını araşdırır.
Çin lideri Si Tsinpinin şəxsi himayəsi altında olan Qin Qanq iyunun sonunda ictimaiyyətin gözündən itib. Bu səbəbdən onun bir sıra həmkarları, o cümlədən Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Pekinə rəsmi səfərlərini ləğv etmək və ya təxirə salmaq məcburiyyətində qalıblar. Çin Xarici İşlər Nazirliyi nazirin yoxluğunu ya səhhətindəki problemlərlə izah edib, ya da ümumiyyətlə susub.
O vaxtdan bəri Çində daha bir neçə yüksək rütbəli şəxs, o cümlədən raket qüvvələrinin komandanı və onun müavini yoxa çıxıb. Onların işdən çıxarılması daha sonra elan edilib. Bu ay isə ölkənin müdafiə naziri Li Şanfu yoxa çıxıb. Çin üzrə ekspertlər isə bunu yoxa çıxanların şəxsi həyatındakı problemlərlə deyil, Çin Xalq Azadlıq Ordusunda baş verən antikorrupsiya kampaniyası ilə əlaqələndirirlər.
Aydın
Şərhlər