Xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi "Nazlanma” mahnısının bəstəkarı Mansur Səssizlə (Daneşvar) Əməkdar artist Vasif Məhərrəmli və Vəfa Şərifova arasında mübahisə yaranıb.
Buna səbəb cənubi azərbaycanlı ifaçı və bəstəkar Mənsur Səssizin "Nazlanma" mahnısının Vasif Məhərrəmli ilə Vəfa Şərifova tərəfindən ifa olunmasıdır.
Gülyanaq Məmmədova Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Nazlanma”nın müəllifi Mansur Səssizdir:
"Mən də bu mahnını onunla birgə ifa etmişəm. Biz bu mahnını efirdə təqdim etdik. Azərbaycan, İran, Türkiyə, Özbəkistan və s. ölkələrdə milyardlarla baxışımız var. Hətta biz bu mahnını özbək dilində də oxumuşuq. Onlar da ifamızda mahnını dinləyib, bəyənib və 6 aydan sonra oxuyublar. Oxuyublar oxuyublar, mənə bir mahnıya görə qalmaqal lazım deyil. O qədər əsər oxumuşam. Bu qalmaqal mənim üçün önəmli deyil. Mahnının müəllifi Mansur Səssizdir, o bilər, onlar bilər”.
Gülyanaq Məmmədova deyib ki, Mansur Səssiz onları bir şeyə görə bağışlayıb:
"O taylı-bu taylı Azərbaycanı bir mahnıya görə üz-üzə qoyub, qalmaqal yaratmaq istəmədi. 30 ildən yuxarıdır ki, səhnədəyəm. Nə sənətimi, nə də şəxsiyyətimi heç kimlə yanaşı qoya bilməzlər, hərənin öz sənəti və şəxsiyyəti var. Mən qalmaqal adamı deyiləm”.
Gülyanaq Məmmədova "Nazlanma”ya klip çəkiləcəyini də bildirib.
Bahar Rüstəmli
Şərhlər