2026-cı ildə stilistlərin fikrincə, manikür obrazın ayrılmaz hissəsinə çevrilib. Düzgün seçilmiş dırnaq dizaynı ümumi görünüşü tamamlayır, uğursuz seçim isə ən zərif geyimi belə kölgədə qoya bilər.
Qaynarinfo xəbər verir ki, bu yay manikür dəbində əsas tendensiyalar sadəlik, səliqə və təbii görünüşdür. Uzun dırnaqlar, həddindən artıq parlaq rənglər, neon örtüklər və bol parıltılı dizaynlar əvvəlki populyarlığını itirib. Onların yerini minimalist və zərif üslublar tutur.
Süd rəngli manikür
Yarımşəffaf süd rəngli örtük mövsümün ən aktual seçimlərindən biri hesab olunur. Bu manikür həm uzun, həm də qısa dırnaqlarda zərif görünür, əllərə daha təravətli görüntü verir və müxtəlif dəri tonları ilə asanlıqla uyğunlaşır.
Nud (təbii) manikür
Təbii çalarlarda hazırlanan nud manikür dırnaqlarda lak yoxdurmuş kimi görünür. Bununla belə, dırnaq lövhəsinə bərabər və baxımlı görünüş qazandırır.
Bu üslub klassik və universal hesab olunur, həm gündəlik, həm də işgüzar geyim tərzinə uyğun gəlir.
Badam formalı fransız manikürü
Fransız manikürü uzun illərdir dəbdən düşməyən klassiklərdən biridir.
Bu yay onun badam formalı dırnaqlarda tətbiq olunan variantı daha çox ön plana çıxır. Yumşaq xətlər dırnaqları vizual olaraq uzadır və zərif görünüş yaradır.
Dalğalı xətlərdən ibarət dizayn
Həndəsi motivləri sevənlər üçün yumşaq dalğavari xətlərdən istifadə edilən manikür maraqlı seçim hesab olunur.
Bu dizayn xüsusilə qısa dırnaqlarda onları daha uzun göstərən optik effekt yaradır.
Albalı və moruq çalarları
Klassik qırmızı manikürün yerini bu mövsüm albalı və moruq tonları tutur.
Bu rənglər yay əhval-ruhiyyəsini qoruyur, eyni zamanda zərif və eleqant görünüş təqdim edir. Dəb palitrası açıq çəhrayı-qırmızıdan tünd şərab rənginədək uzanır.
Yaşılın yumşaq tonları
Daha açıq rəngləri sevənlər üçün fıstıq, adaçayı və nanə yaşılının çalarları tövsiyə olunur.
Bu tonlar diqqət çəkici olsa da, ümumi görünüşə sakitlik və təravət qatır. Xüsusilə yay mövsümünün açıq rəngli geyimləri ilə uğurlu uyğunluq yaradır.
Aydın
Şərhlər