Ekonomiks 16:22 27.02.2024

"Xalq Sığorta”nın biznesi kiçilməkdə davam edir - yığımları 3,4 milyon azalıb

Daha bir sığorta şirkəti 2024-cü ilə pis başlayıb. Söhbət "Xalq Sığorta”dan gedir.

Valyuta.az xəbər verir ki,  "Xalq Sığorta” şirkəti 2024-cü ilin yanvar ayında 1,15 milyon manat  sığorta haqqı toplaya bilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 3,44 milyon manat olub. 2023-cü ilin yanvar ayında "Xalq Sığorta” 4,59 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Yığımların kəskin azalması ilə yanaşı, "Xalq Sığorta”nın sığorta ödənişləri sözügedən dövrdə  2,7 dəfə və ya 1,6 milyon manat azalaraq 910 min manat təşkil edib. 2023-cü ilin ilk ayında bu rəqəm 2,5 milyon manata bərabər olmuşdu.

Sığorta yığımlarının kəskin azalması onun zərərliliyini (ödəniş-yığım nisbəti) kəskin artırıb. Belə ki, 2023-ci ilin yanvar ayında "Xalq Sığorta” topladığı hər 100 manatdan 54,5 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 79,1  manat təşkil edib.

Xatırladaq ki, "Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co.” MMC-yə, 50%-i isə "Euro Standard” MMC-yə ("Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, "Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.