Xəbər lenti

İdman 19:51 13.02.2024

Xərçəng xəstəliyinə tutulan məşhur məşqçi ölmədən öncə arzusunu gerçəkləşdirəcək

Bir neçə həftə əvvəl mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyini açıqlayan Sven Qoran Eriksson gələn martda keçiriləcək əfsanələr matçında "Liverpul"a rəhbərlik edəcək.

Qaynarinfo-nun məlumatına görə, isveçli bununla da ən böyük xəyallarından birini gerçəkləşdirəcək. Eriksson xərçəng xəstəliyinə tutulduğunu elan edərkən bir il ömrünün qaldığını açıqlamışdı.

O, Yan Raş, Con Barnes və Con Aldric kimi "Liverpul" əfsanələri ilə birlikdə ehtiyat oyunçular skamyasında oturacaq və Yerji Dudek, Sander Vesterveld, Martin Skrtel, Fabio Aurelio, Cibril Sissé və Ryan Babel kimi oyunçular onun tabeliyində olacaq. Yaxın həftələrdə onun rəhbərlik edəcəyi heyət açıqlanacaq. Bu matç martın 23-də Amsterdam təmsilçisi "Ajaks"ın əfsanələrinə qarşı olacaq. Enfilddə oynanılacaq görüşdə yığılan bütün vəsait "Liverpul"un fonduna gedəcək.

İsveçli mütəxəssis açıqlamasında "Mən "Liverpul" azarkeşiyəm, ona görə də həmişə onların məşqçisi olmaq istəmişəm" - sözlərini söyləyib. "Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp isə onun açıqlamasına cavab olaraq "İstəsə, bir günlük işimi görə bilər" - demişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->