Xəbər lenti

Yaxın Şərqdə nə baş verir? (ŞƏRH)
Dünya 19:45 30.01.2024

Yaxın Şərqdə nə baş verir? (ŞƏRH)

"Tərəflər atəşkəsə gedə bilərlər. Amma bu aralıq müddətə hesablanmış atəşkəs olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İsraillə HƏMAS arasında növbəti, iki ay müddətinə atəşkəsin elan oluna biləcəyilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Ekspert bildirib ki, hər iki tərəf, xüsusən də İsrail resurslarını dinc şəraitdə bərpa etmək üçün atəşkəsə getmək istəyir:

"İsrail ərəblərlə problemləri tarixində ərəb dövlətlərinin hər birinə qalib gəlib. Amma İsrail heç vaxt assimetrik oyunçularla mübarizədə qalib gələ bilməyib. Assimetrik oyunçularla mübarizə Təl-Əvivin ən zəif yeridir. İsrail 2006-cı ildə "Hizbullah"la Cənubi Livanda olan problemini hərbi yolla nizamlaya bilmədi. Digər tərəfdən, 2008 və 2014-cü illərdə də HƏMAS-la bir neçə dəfə toqquşub. İndiki vəziyyətdə görünür, İsrailin cəmiyyət, ordu və siyasət olaraq bir qədər dincliyə ehtiyacı var. Çünki daxildə Netanyahu ilə müxalifət arasında ciddi problemlər, habelə məhkəmə islahatı məsələsi mövcuddur. 

Eyni zamanda, HƏMAS-a da bir qədər dinclik əldə etməyə ehtiyac var. Fəsəltinlilər xüsusən də mülki şəxslər olmaqla böyük insan resursları itkisinə məruz qalıb. HƏMAS öz fəaliyyətini regiondakı digər oyunçular, xüsusən də İran, Qətər və Türkiyə ilə əlaqələndirir. Amma əsas oyunçu Yaxın Şərq problemini yaradan böyük dövlətlərin bölgədəki maraqlarıdır. Bu fonda indiki vəziyyətdə tərəflərin atəşkəsə getməsi ehtimalı mümkündür. Lakin bu problemin çözümü, həlli anlamına gəlmir. Bu, sadəcə olaraq, müəyyyən, müvəqqəti dövr üçün hər iki tərəfin dincliyə ehtiyacından doğan məsələdir. Güman ki, atəşkəsdən sonra müharibə indiki intensivliklə davam etməsin. Çünki beynəlxalq ictimaiyyətin müharibəyə münasibəti birmənalı deyil”. 

Qeyd edək ki, Qərb mətbuatı İsraillə HƏMAS-ın növbəti atəşkəs rejiminin əldə olunmasına yaxın olduqlarını bəyan edib. İddialara görə, bu dəfəki atəşkəs iki aya  müddətinə qədər davam edəcək. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->