Xəbər lenti

Yeni kənd və qəsəbələrin təməli qoyuldu, məscidin açılışı oldu (YENİLƏNİB)
Siyasət 16:45 18.05.2024

Yeni kənd və qəsəbələrin təməli qoyuldu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu "PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.

Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.

İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.

Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.

İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb. Eyni zamanda, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı aşkar edilib.
 
16.20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.

Dövlət başçısına kəndin Baş planı üzrə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub.

Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Bu kənddə də inzibati bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi, mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılır. Bundan başqa, Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.

"Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək.

Prezident İlham Əliyev Maşanlı kəndinin təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.

Dövlət başçısına qəsəbənin baş planı üzrə görüləcək işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, layihələndirilən ərazi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayın sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir.

Qəsəbənin sahəsi 301,51 hektardır. 2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq. Belə ki, qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub. Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq.

"Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır. Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 fərdi ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi nəzərdə tutulur.

Prezident İlham Əliyev Mincivan qəsəbəsinin təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Karxulu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub.

2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur.

Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək.

2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Prezident İlham Əliyev Karxulu kəndinin təməlini qoydu.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.

Dövlət başçısı Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlqoyma mərasimində iştirak edib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına kəndin Baş planı üzrə görüləcək işlərlə bağlı məlumat verdi.

Bildirilib ki, Böyük Mərcanlı kəndi Araz vadisində, Cəbrayıl şəhərindən 22 kilometr məsafədə yerləşir. Cəbrayıl rayonunun ən iri yaşayış məntəqələrindən biridir.

Baş plana əsasən kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq.

2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Prezident İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini qoyub.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan” və "Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.

"AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verdi.

İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat olan "Zəngilan” Su Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən "Cahangirbəyli” SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. "Şayıflı” və "Zəngilan” SES-lər açılışa hazır vəziyyətə gətirilib, "Sarıqışlaq” SES-də isə işlər başa çatdırılıb.

Bildirildi ki, Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Ümumi uzunluğu 83 kilometr olan və 36 kilometrlik hissəsi Ermənistan ərazisindən keçən çaya mütəmadi olaraq Qacaran, Zəngəzur mis-molibden, Qafan dağ-mədən kombinatlarının ağır metal tərkibli mədən tullantıları axıdılır. Bu amillərə görə Oxçuçayın üzərində baş suqəbuledicinin yaradılması enerji istehsalından əlavə, ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Belə ki, baş suqəbuledicinin tikilməsi ermənilər tərəfindən sənaye üsulunda çirkləndirilən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə yardım edəcək. Çünki suqəbuledicinin yaradılması çirkləndirici maddələrin çökməsinə şərait yaratmaqla yanaşı, aşağı axın zonasına təmiz suyun ötürülməsinə və çay ekosisteminin özünübərpasına zəmin yaradır. Eyni zamanda, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün suqəbuledicinin yaradılması olduqca əhəmiyyətli hadisədir. Ona görə də burada dib sutullayıcı, suaşıran, lil ötürücü və balıq vətəgə qurğuları yaradılıb. Baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılaraq kaskad üsulla tikilən SES-lərə giriş-çıxış olmaqla ümumilikdə 23,5 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib və borudan çıxan su təkrar çaya buraxılır.

Qeyd edildi ki, Oxçuçay üzərindəki SES-lərin tikilməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının əməkdaşlarının, elm adamlarının, media və QHT-lərin nümayəndələrinin iştirakı ilə açıq ictimai dinləmələr keçirilib və layihəyə yüksək qiymət verilib.

Diqqətə çatdırıldı ki, hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan "Zəngilan” və "Şayıflı” SES-lər üçün maşın zalları tikilib. Çətin iqlim və sərt relyefli ərazidə yerləşməsinə baxmayaraq, burada böyük həcmli torpaqlama, betonlama və digər işlər həyata keçirilərək sıfırdan yeni SES-lər tikilib. İstər derivasiya boruları çəkilərkən, istər maşın zalı tikilərkən, istərsə də digər quraşdırma işləri aparılarkən layihəyə uyğun olaraq ekoloji normalara riayət edilib. Maşın zallarının hər birində dörd yaşıl sertifikatlı Avropa istehsalı olan iki ekoturbin və generatorlar quraşdırılıb. Bu turbinlər çayda su azaldıqda ekoloji normaların qorunması üçün avtomatik özünü dayandırmaq, suyun keyfiyyətinə təsir etmədən istiqamətləndirici aparat vasitəsilə yağ və digər zərərli maddələrin suya qarışmasının qarşısını almaq qabiliyyətinə malikdir.

Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Zəngilan” və "Şayıflı” SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsi təmin olunub. Bunun üçün mikro SCADA sistemi yığılıb, 25 kilometr məsafədə yüksəkgərginlikli yeni elektrik verilişi xətləri və 24 damarlı optik kabel xətti çəkilib. "Zəngilan” və "Şayıflı” SES-lərdə il ərzində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq.

Dövlətimizin başçısı "Zəngilan” və "Şayıflı” SES-lərin tikintisindən və yaradılan şəraitdən bəhs edən videoçarxa baxdı.

Prezident İlham Əliyev stansiyaları işə saldı.

Məlumat verildi ki, bu günə qədər "AzərEnerji” ASC tərəfindən Zəngilan rayonunda 30 nəfər əsasən yerli sakin daimi işlə təmin edilib. Ümumilikdə, işğaldan azad edilən ərazilərdə indiyədək Prezident İlham Əliyevin məşğulluq və məskunlaşma siyasətinə uyğun olaraq "AzərEnerji” tərəfindən 400-ə yaxın daimi iş yeri yaradılıb. Yaxın gələcəkdə 10-dan artıq Kiçik Su Elektrik stansiyalarının (KSES) istismara verilməsi və əlavə KSES-lərin tikintisinə başlanılması ilə işçi sayı 550-ni keçəcək. İşçilərin 70 faizi məhz işğaldan azad edilən rayonların sakinləridir.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında "AzərEnerji” ASC tərəfindən iki yeni müəssisə - "Qarabağ Regional Elektrik Şəbəkəsi” MMC və "Yaşıl Enerji Elektrik Stansiyası” MMC yaradılıb. İşəgötürmə zamanı, ilk növbədə, "AzərEnerji” ASC-də hazırda işləyən keçmiş məcburi köçkünlər arasından seçim edilib. Eyni zamanda, regionlarda məskunlaşdırılan sakinlərin işə cəlb edilmələri zamanı peşəsi olmayan kadrlar üçün təlimlər keçirilib, sertifikatlaşdırılma aparılıb.

15.33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
 
Prezident İlham Əliyev həmçinin Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
 
15.12

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan” və "Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

14.51
 
Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

14.19
 
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı” hotelinin açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

13.35
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->