Xəbər lenti

Yığmamızın baş məşqçisi: “Qələbə qazanmaq şansımız yox idi”
İdman 17:39 17.05.2022

Yığmamızın baş məşqçisi: “Qələbə qazanmaq şansımız yox idi”

U-17 millimiz Gürcüstanda keçirilən UEFA-nın İnkişaf Turnirində çıxış etdi. Yarışda Zambiya və Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşan Elxan Abdullayevin rəhbərlik etdiyi komanda hər iki oyunda məğlub oldu. 

Abdullayev yarışla bağlı təəssüratlarını Qaynarinfo ilə bölüşüb. O, komandanın məğlubiyyətlərinin səbəbini izah edib, qarşıdakı planlardan danışıb:

"Bu "İnkişaf Turniri” idi. İlk rəqibimiz Zambiya oldu. Obyektiv olaraq bildirim ki, bizdən yaxşı və güclü komanda idi. Fiziki cəhətdən çox dözümlü idilər. Ona görə də bizdə çox şey alınmadı. Oyun ərzində bizi böyük təzyiq altına salmışdılar. Bəlkə də ilk təcrübə idi. Çünki Afrika təmsilçisi ilə oynamamışdıq. Səhv etmirəmsə, bu, tarixdə ilkdir. Bəlkə də bu üzdən çətin oldu. Əslində, Gürcüstan millisini də məğlub etməli idilər, 7-8 qol şansları oldu. Gürcülər birtəhər onlarla heç-heçə oynadı. Afrikalılarda texnika da yaxşı idi. Sadəcə, taktika cəhətdən zəif idilər. Yəni futbolu hansı şəkildə oynamağı öyrənirlər. Fiziki cəhətdən güclü olmaları, onların zəif tərəflərini sığortalayır. Biri topu itirəndə, üçü gəlib alırdı. Bu insanlar 90 dəqiqə qaçırlar. Fiziki cəhədən onlara uduzurduq. Güclü idilər, qələbə qazanmaq şansımız yox idi. 
Gürcüstanla oyuna gəlincə, üstünlük bizdə idi. Uşaqlar əzmkarlıq göstərdi, çox istəkli idilər. Düzdür, bir neçə şansımız da vardı. Amma istifadə edə bilmədik. Uduzmağımıza baxmayaraq, oyundan, futbolçulardan razı qaldım. İlk oyundan fərqli, ikincidə yaxşı oynadılar. Bilirsiniz, biz konkret məqsəd qoymuruq. Əsas odur ki, düzgün futbol oynamağı öyrənsinlər. Oktyabrda seçmə mərhələ başlayır, buna hazırlaşırıq. Beynəlxalq təcrübə yığırıq. Belə turnirlərdə iştirak etmək, bu yaş qrupu üçün faydalıdır. Mən belə oyunlara müsbət yanaşıram. Udduq, ya uduzduq, fərq etməz. Öyrənirik, bu da bizim üçün bir təcrübədir”.

Abdullayev formalaşırdığı komanda haqqında bunları da bildirdi:

"Komandanı yığdıq, bu turnirdən əvvəl 4 oyun keçirdik. Malta ilə iki yoldaşlıq görüşü keçirdik, birində qələbə qazandıq, digərində heç-heçə etdik. Bakıda isə "Sabah”ın və "Şamaxı”nın U-19 komandası ilə oynadıq. Hansı ki, 3 yaş böyük idilər. Hər iki oyunda qələbə qazandıq. Düzdür, müsbət və mənfi cəhətlər var. Uşaqlara inanıram, yaxşıdırlar. Sadəcə, öyrətmək lazımdır. Fiziki cəhətdən daha yaxşı olsaydılar, nəticə vermək mümkün idi”.

Mütəxəssis qarşıdakı planlarla bağlı bunları söylədi:

"Bütün yaş qruplarının çempionatları bitirib, komandalar fasiləyə yollanıb. Plana görə, iyunda heç nə olmayacaq. İyulun sonunda Qəbələdə toplanış və iki beynəlxalq yoldaşlıq matçı nəzərdə tutulub. Dəvət edəcəyimiz komandalar hələ məlum deyil. Avqustun sonunda, sentyabrın əvvəlində bizi səfər oyunları gözləyir. İki yoldaşlıq görüşü olmalıdır. Oktyabrda isə seçmə mərhələ oyunları başlayacaq”.

Veteran futbolçu heyətdə hansısa dəyişikliklər nəzərdə tutulub-tutulmadığı haqda sualı belə cavablandırdı:

"Azərbaycandakı futbolçuların əksəriyyətini yoxlamışıq, izləyirik. Xaricdə oynayan azərbaycanlıları isə hələ yoxlamamışıq. Onları da iyulda yoxlamağı nəzərdə tutmuşuq. 4-5 namizəd var. Xaricdə oynayan qapıçımız "Riqa”da çıxış edən Osman Hüseynov UEFA-nın İnkişaf Turnirində bizimlə idi. Özünü yaxşı tərəfdən göstərdi. Kobud səhvlərə yol verməmişdi. Hər iki qapıçımızdan razı qaldım. Qapıçılarla bağlı problem yoxdur”.

"Aradakı fasilənin çox olması komandaya necə təsir edə bilər” sualına Abdullayev belə cavab verdi: 

"Bu bizdən asılı deyil. Futbolçular klublarda məşq etməlidir. Ancaq klublar onları fasiləyə buraxır. Bəziləri avqusta kimi fasiləyə göndərir. Milli komanda olaraq onların işinə qarışa bilmərik. Bu yaşdakı futbolçularla bağlı həmişə belə olub. İqlim isti olduğu üçün məşqlər keçirilmir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->