Dünya 18:43 06.12.2023

Zaxarova: "Rusiya ilə NATO arasında toqquşma riskləri artır"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ukraynanın dağıdılmış aerodrom infrastrukturunu nəzərə alaraq, tədarük ediləcək F-16 qırıcılarının NATO ölkələrindən birinin ərazisində yerləşdiriləcəyini ehtimal edib. Zaxarovanın fikrincə, bu onu göstərir ki, Şimali Atlantika Alyansı Ukrayna münaqişəsində "daha dərinə girir" və Rusiya ilə NATO arasında hərbi toqquşma riskləri artır.

Qaynarinfo xəbər verir ki, bu barədə Mariya Zaxarova brifinq zamanı bildirib.

"NATO-ya üzv dövlətlər Ukraynanı intensiv şəkildə silahlandırmaqda davam edirlər. Növbədə taktiki qırıcıların Ukrayna Silahlı Qüvvələrinə tədürüküdür. Lakin Ukraynanın aerodrom infrastrukturunun əhəmiyyətli hissəsi məhv edilib, ola bilsin ki, bu ABŞ qırıcıları ölkədən kənarda - Polşada, Slovakiyada, Rumıniyada yerləşdirilsin. Beləliklə, Şimali Atlantika Alyansı Ukrayna münaqişəsinə getdikcə daha da dərinə girir və əslində, anladığımız kimi, Ukraynanı xilas etmək şüarı altında ölkəmizə qarşı hibrid müharibə aparır”, deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Ukraynanın müttəfiqləri artıq Kiyevə təyyarələr ötürəcək və ukraynalı pilotlara təlim keçəcək dövlətlərdən ibarət ayrıca koalisiya yaradıblar. 

"Rusiya silahlı qüvvələri üçün Ukrayna Silahlı Qüvvələrinin tərəfində münaqişədə iştirak edən döyüşçülər, haradan uçmasından asılı olmayaraq, qanuni hədəf olacaqlar”, deyə Mariya Zaxarova vurğulayıb.

Xatırladaq ki, avqust ayında ABŞ F-16-ların Danimarka və Niderland tərəfindən Ukraynaya tədarükünə icazə verib. Bu iki ölkə ABŞ-la birlikdə ukraynalı pilotlar hazırlayır. Əlavə olaraq Norveç də qırıcılar tədarük etmək niyyətindədir. Belçika F-16-ları Ukraynaya 2025-ci ilə qədər göndərməyi planlaşdırır.

Nizami Bağırov