Xəbər lenti

Zelenski Trampa nə cavab verəcək? (ŞƏRH)
Dünya 18:16 19.07.2024

Zelenski Trampa nə cavab verəcək? (ŞƏRH)

"Zelenski ilə telefon danışığı Trampın seçkiqabağı daxili auditoriyaya hesablanmış jestidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli "Reuters" agentliyinin ABŞ-da prezidentliyə namizəd Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olacağı barədə məlumatını şərh edərkən deyib.

"Belə bir informasiya təəccüblü deyil. Trampla Zelenski arasında telefon danışığı ola bilər. Çünki Tramp prezidentliyə namizəddir. O, həm də qəribə fikirlərilə gündəmə gələn birisidir. Tramp bu telefon danışığında Ukraynada sülh məsələsini müzakirə edə bilər", deyə Qabil Hüseynli qeyd edib.

Ekspertin fikrincə, bu addımı atmaqla Tramp indidən seçicilərinə göstərmək istəyir ki, prezident olacağı təqdirdə Ukrayna məsələsinin həllinə ciddi yanaşacaq:

"Bu yolla özünə reytinq qazanmaq istəyir. Ona görə də Zelenski ilə telefon danışığı indiki halda onun marağındadır".
 


Politoloq düşünür ki, Zelenski ilə danışıqda Tramp özünün səfeh, Ukrayna üçün məqbul olmayan fikirlərini təkrarlayacaq:

"Kiyev işğal edilmiş ərazilərin itirilməsinə razı olsun və belə bir status-kvo əsasında sülh müqaviləsi imzalasın. Təbii ki, bu xüsusda Zelenski ona rədd cavabı verəcək. Belə olan halda isə Tramp Zelenskini prezident seçilən kimi Ukraynaya edilən bütün yardımları dayandırmaqla hədələyəcək. Bir sözlə, Tramp ABŞ və bütün dünya üçün başıbəlalı bir adamdır. O, prezident olarsa, dünya onun fəaliyyətindən çox ziyan çəkəcək". 

Qabil Hüseynli qeyd edib ki, Trampın mövqeyini bilə-bilə Zelenski onunla telefon danışığından imtina edə bilməz:

"Başqa əlacı yoxdur, çünki Trampın prezident olmaq ehtimalı yüksəkdir. Ona görə də Zelenski Trampın telefon danışığından imtina etmir ki, münasibətləri bir qədər yumşalda bilsin".

Qeyd edək ki, "Reuters” agentliyinin məlumatına görə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı ola bilər. Hətta agentlik görüşün cümə günü baş tuta biləcəyini yazıb. 

Xatırladaq ki, Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, yanvarda vəzifəyə başlamazdan əvvəl Ukraynadakı müharibəni bitirəcəyini deyib. Lakin bununla yanaşı, o, müharibəni necə bitirəcəyi barədə ətraflı məlumat verməkdən yayınır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->