Ölkə 22:21 26.02.2024

"Azərbaycanda ailə məsələləri başlı-başına buraxılıb" - Ekspert

"Ailə məsələləri başlı-başına buraxılıb, bu istiqamətdə lazımi işlər görülmür. Azərbaycanın ailə bağı siyasəti olmalıdır. Ailəni xilas etmək üçün heç bir iş görülmür".

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Əhməd Qəşəmoğlu hesab edir ki, boşananlar və onların valideynləri arasında sorğu keçirilməlidir:
 


"Bütün bunlar araşdırılandan sonra onun əsasında fəaliyyət proqramı qurulmalıdır. Bu zaman qanunda boşluqların olub-olmaması aydınlaşacaq, kimin vəzifəsi nədir bilinəcək. Orta məktəblərdə şagirdlərə ailə dəyərləri ilə bağlı məlumatlar verilməlidir. Mən ali məktəblərdə dərs deyirəm. Təcrübə göstərir ki, gənclərin ailə dəyərləri ilə bağlı tədrisə ehtiyacı var".

Əhməd Qəşəmoğlu 70 il bundan əvvəl gənclərin ailə dəyərləri barədə aydın təsəvvürü olduğunu önə çəkib. Onun sözlərinə görə, bugünkü gənclərdə dağınıq fikir var.

Qeyd edək ki, son 10 ildə Azərbaycanda nikah və boşanmalarla bağlı statistika açıqlanıb. 10 il qabaq hər 7 nikaha bir boşanma düşürdüsə, hazırda bu göstərici 4 nikah səviyyəsinə qədər azalıb.

Bahar Rüstəmli