Siyasət 16:33 10.08.2022

Zəngəzur dəhlizinin önəmi nədir? - Deputat

"Zəngəzur dəhlizi Azərbaycan üçün vacib layihələrdən biridir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun "Qarabağ mövzusu gündəmdən çıxacaq, yerinə Zəngəzur mövzusu gələcək” fikirinin siyasi və iqtisadi əhəmiyyətini şərh edərkən deyib. Deputat hesab edir ki, bu yalnız Azərbaycan deyil, bütövlükdə regionun, hətta geniş anlamda türk dünyası üçün yeni imkanlar deməkdir:

"Zəngəzur dəhlizi 1,2 trilyon nominal daxili məhsulu olan türk dinyasını birləşdirəcək və nəticə etibarı ilə son illər münasibətləri daha da dərinləşən türk dövlətləri arasında əlaqələrin, xüsusən də iqtisadi və ticari əlaqələrin genişlənməsinə xidmət edəcək. Bu baxımdan, təbii ki, Zəngəzur dəhlizi Azərbaycan, bütövlükdə region üçün yeni ixrac imkanları deməkdir. Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq və nəticə etibarı ilə bu Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək. Eyni zamanda Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatın bərpa edilməsinə və Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların daha geniş bazara çıxarılmasın şərait yaradacaq”. 



Vüqar Bayramovun fikirincə, bu, bütövlükdə Naxçıvan üçün də yeni imkanlar deməkdir:

"Naxçıvanda biznesin inkişafına xüsusi təkan verəcək. Bu ilin ilk yarısında Azərbaycan üzərindən daşınan yükün həcmində 30 %-də artım qeydə alınıb. Gözlənilir ki, bölgədə yeni düzən fonunda, bütövlükdə region Cənubi Qafqaz və Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlar daha bötük rəqəmlərlə ifadə olunacaq. Zəngəzur dəhlizi də bu imkanların daha geniş miqyasda reallaşmasına imkan verəcək. Bu, region üçün yalnız mədəniyyət üçün deyil, həm də iqtisadiyyatın inkişafı baxımdan yeni fürsətdir. Təbii ki, Zəngəzur dəhlizinin rellaşması bütövlükdə region üçün iqtisadi inkişaf baxımından yeni mərhələnin başlanmasına imkan verəcək”.

Bahar Rüstəmli