"1xBet"ə qaşrı əməliyyat: Cinayətkar dəstə ifşa edildi - Bir milyonluq dövriyyə (VİDEO)
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Azərbaycanda qanunsuz onlayn mərc oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Kiberpolisin həyata keçirdiyi tədbirlərlə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş "1xBet" platforması vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etməkdə təqsirli bilinən Camal Əhmədov, onun rəhbərliyi altında fəaliyyət göstərən Hacıəkbər Abbaszadə, Seyfəddin İsmayılov, Nəbi Abdullayev və Emil Abbaslı saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, C.Əhmədov Bakı şəhərinin Xətai rayonu ərazisində mənzil icarəyə götürərək "1xBet" saytı üzərindən "BakuCash" profili ilə qanunsuz onlayn mərc oyunları təşkil edib. Bu qanunsuz fəaliyyətə isə müştərilər əsasən "Telegram" tətbiqi vasitəsilə cəlb olunub. Qeyd edilən ünvana baxış zamanı qumar oyunlarının təşkili və idarə olunmasında istifadə edilən çoxsaylı mobil telefonlar, bank kartları və digər elektron sübutlar aşkar edilərək götürülüb. İlkin araşdırmalarla dəstə üzvlərinin qanunsuz dövriyyəsinin 1 milyon manatdan artıq olduğu müəyyən edilib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Əhmədov, S.İsmayılov, N.Abdullayev və E.Abbaslı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər