Xəbər lenti

Statistika Komitəsinə boş hesabat təqdim etdilər, cərimə olundular
Ekonomiks 16:18 30.06.2026

Statistika Komitəsinə boş hesabat təqdim etdilər, cərimə olundular

Dövlət Statistika Komitəsi "A.Y.F." Beynəlxalq Kompaniyasını cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, Komitə tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, şirkət 2025-ci il üzrə illik əmək hesabatını 2026-cı il martın 15-dək Dövlət Statistika Komitəsinə təqdim etməli olduğu halda, bu öhdəliyi yerinə yetirməyib. Bunun əvəzinə "A.Y.F." Beynəlxalq Kompaniyası boş hesabat təqdim edib.

Şirkət bildirib ki, fəaliyyət göstərmədiyi üçün boş hesabat təqdim edib. Lakin müəyyən olunub ki, şirkət 2026-cı ilin may ayında digər statistik hesabatı tam şəkildə təqdim edib. Bundan başqa, elektron vergi portalında da hüquqi şəxsin statusunun aktiv olduğu və fəaliyyət göstərdiyi müəyyən edilib. 

"A.Y.F." Beynəlxalq Kompaniyasının nümayəndəsi məhkəmədə bir daha şirkətin fəaliyyət göstərmədiyini, buna görə də boş hesabat təqdim etdiyini bildirib və təqsirləri olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə "A.Y.F." Beynəlxalq Kompaniyası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 350 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Qeyd edək ki, "A.Y.F." Beynəlxalq Kompaniyası (AYF Safari International Company) turizm, avia və dəmir yolu biletlərinin satışı, eləcə də mehmanxana biznesi sahəsində fəaliyyət göstərir. Şirkətin tərkibində AYF Palace Hotel və AYF Safari turizm agentliyi fəaliyyət göstərir.

Aydın
--> -->