Xəbər lenti

1966-cı ilin mahnısı bu gün də bütün dövrlərin rok klassikası sayılır
Sənət 18:23 30.06.2026

1966-cı ilin mahnısı bu gün də bütün dövrlərin rok klassikası sayılır

Amerikanın məşhur pop-rok qrupu "Paul Revere & The Raiders"-ın 1966-cı ildə təqdim etdiyi "Hungry" mahnısı aradan 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün də rok musiqisinin klassik nümunələrindən biri hesab olunur.

Qaynarinfo xəbər verir ki, "Parade" nəşrinin məlumatına görə, mahnı American Songwriter tərəfindən tərtib edilən "İnsanı zamanda səyahət etmək istəyi yaradan 1966-cı ilin dörd rok mahnısı" siyahısına daxil edilib.

Mahnının sözləri və musiqisi bəstəkar cütlüyü Cynthia Weil və Barry Mann tərəfindən yazılıb. Onlar həmçinin Here You Come Again, Love Will Conquer All və Make Your Own Kind of Music kimi məşhur musiqi əsərlərinin də müəllifləridir.

Musiqi tənqidçilərinin fikrincə, "Hungry" mahnısını dövrünün digər hitlərindən fərqləndirən əsas cəhətlərdən biri onun eksperimental bas ifasıdır. Səsyazma zamanı adi bas xətti, gücləndirilmiş bas və həddindən artıq yüklənmiş gücləndirici vasitəsilə əldə edilən xüsusi səs effekti lay-lay yazılaraq birləşdirilib. Bu yanaşma həmin dövr üçün yenilikçi hesab olunurdu və mahnıya özünəməxsus səslənmə qazandırıb.

Mahnının adı hərfi mənada aclığı ifadə etmir. Əsər insanın həyata, uğura və öz taleyinə nəzarət etmək arzusundan bəhs edir. Mütəxəssislərin fikrincə, bu ideya 1960-cı illərdə azadlıq və özünüifadə axtaran gənclərin düşüncə tərzini əks etdirirdi.

"Hungry" illər ərzində müxtəlif filmlərdə və radio proqramlarında səsləndirilib. Xüsusilə, mahnının Quentin Tarantino filmlərinin saundtreklərində istifadə olunması onun yeni nəsil dinləyicilər arasında da populyarlığını qorumasına kömək edib.

Bundan başqa, "Hungry" ABŞ-ın nüfuzlu Billboard Hot 100 siyahısında 6-cı pilləyə qədər yüksələrək qrupun ən uğurlu mahnılarından birinə çevrilib.
 
Günay
--> -->