10 il əvvəl dünyasını dəyişən zaman 128 milyon dollar sərvəti olan Corc Mayklın mirası və xeyriyyə fəaliyyəti yenidən gündəmə gəlib. Onun "gizli mirasçıları”nın bu vəsaitdən istifadə etməyə davam etdiyi bildirilir. Müğənninin yaxın ətrafı isə onun əsas xüsusiyyətinin mərhəmət olduğunu vurğulayır.
Qaynarinfo xəbər verir ki, 1980-ci illərdə "Wham!" qrupu ilə şöhrət qazanan və daha sonra solo karyerası ilə dünya musiqi səhnəsində iz qoyan Corc Maykl (əsl adı Georgios Kyriacos Panayiotou) 2016-cı ilin dekabrında, 53 yaşında vəfat edib.
Sənətçi yalnız musiqisi ilə deyil, gizli həyata keçirdiyi xeyriyyə fəaliyyəti ilə də tanınıb. O, sağlığında milyonlarla dolları müxtəlif ehtiyac sahiblərinə anonim şəkildə bağışlayıb və bu yardımların açıqlanmasını istəməyib.
Miras və gizli ianələr
Məlumata görə, Corc Mayklın ölümündən sonra geridə qalan 128 milyon dollarlıq sərvətin bir hissəsi hələ də mirasın idarəçiləri tərəfindən xeyriyyə məqsədlərinə yönəldilir. Miras fondu hər il həyata keçirdiyi ianələrlə bağlı hesabatlar dərc edir və sənətçinin yardım fəaliyyəti ölümündən sonra da davam etdirilir.
Kitab müəllifi Satnam Sanqera bildirib ki, müğənninin etdiyi bütün ianələrin dəqiq həcmini müəyyənləşdirmək mümkün deyil, çünki bu fəaliyyətlər gizli şəkildə həyata keçirilib.
Onun sözlərinə görə, bəzi məlumatlar yalnız son illərdə üzə çıxıb. Məsələn, "Last Christmas" mahnısının bir neçə illik müəllif hüquqları gəlirinin "Band Aid" xeyriyyə təşkilatına bağışlandığı qeyd olunur.
Xeyriyyəçilik və şəxsi yardım fəaliyyəti
Corc Maykl karyerası boyunca uşaq xəstəlikləri, xərçəng araşdırmaları, qaçqınlar və yoxsulluqla mübarizə sahələrinə böyük məbləğlərdə yardım edib. O, bəzən evsizlər üçün sığınacaqlarda könüllü olaraq yemək paylayıb, lakin bunu ictimai diqqətdən uzaq saxlamağa çalışıb.
Məlumatlara görə, o, hətta bəzi insanların süni mayalanma (EKO) xərclərini də qarşılayıb.
Ailə və yaxınlarına dəstək
Sənətçi yalnız ictimai xeyriyyə fəaliyyəti ilə deyil, yaxınlarına da maddi dəstək göstərib. Ailə üzvlərinə və dostlarına evlər və avtomobillər aldığı bildirilir.
Müəllif Sanqera qeyd edir ki, Corc Maykl ideallaşdırılacaq müqəddəs biri deyildi, lakin onun humanitar fəaliyyəti genişmiqyaslı və real idi.
2016-cı ildə vəfatı və səbəbi
Corc Maykl 25 dekabr 2016-cı ildə vəfat edib. Patoloji və ya məhkəmə-tibbi ekspertiziyasının nəticələrinə görə, ölüm səbəbi ürək çatışmazlığı olub. Ölüm xəbərindən sonra pərəstişkarları onun evinin qarşısında toplaşaraq xatirəsinə çiçəklər qoyublar.
Aydın
Şərhlər