Xəbər lenti

TƏBİB-ə işə düzəltmə adı ilə dələduzluq
Ölkə 18:02 30.06.2026

TƏBİB-ə işə düzəltmə adı ilə dələduzluq

Dövlət şirkətlərindən birində qəza-çağrı xidmətində çalışan dispetçerin vətəndaşları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan müəssisələrdə işə düzəltmək adı ilə aldadaraq pul ələ keçirdiyi müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin mart ayında iş yoldaşının etibarından istifadə edərək onun yaxın qohumunun Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifəyə təyinat aldığını, İsmayıllı rayonunda fəaliyyət göstərməsi nəzərdə tutulan vərəm əleyhinə dispanserə təcili tibbi yardım avtomobillərinin veriləcəyini və həmin müəssisələrdə sürücü vakansiyalarının açılacağını deyib.

Bundan sonra o, ayrı-ayrı şəxslərə TƏBİB tabeliyində olan müəssisələrdə TƏBİB-ə işə düzəltmək vədi verərək hər birindən 2000 manat pul alıb. Vəsaitlərin "BirBank” mobil tətbiqi və "MilliÖN” ödəmə terminalları vasitəsilə onun kart hesabına köçürüldüyü qeyd olunur. Üç ayrı epizod üzrə vətəndaşlara ümumilikdə 6000 manat ziyan dəydiyi bildirilir.

İttihama görə, o, aldığı pulları şəxsi ehtiyaclarına sərf edib və vəd etdiyi işə düzəltmə prosesini həyata keçirməyib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü (təkrar dələduzluq, qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq) maddələri ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl Neftçala Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 2 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası yeni hökm üzrə verilən cəza ilə qismən toplanılıb və yekun olaraq üzərində 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

Seyid
--> -->