Böyük Britaniya tərkibində plastik olan birdəfəlik nəm salfetlərin satışını mərhələli şəkildə dayandırmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mindmegette” nəşri məlumat yayıb.
Qadağa həm fiziki mağazalara, həm də onlayn satışlara şamil olunacaq və ölkənin müxtəlif hissələrində mərhələli şəkildə qüvvəyə minəcək.
Mütəxəssislərin bildirdiyinə görə, geniş istifadə olunan nəm salfetlərin əksəriyyətinin tərkibində plastik liflər var. Bu liflər salfetləri daha möhkəm etsə də, onların təbiətdə uzun illər ərzində parçalanmamasına səbəb olur.
Belə salfetlər düzgün utilizasiya edilmədikdə və ya unitaza atıldıqda kanalizasiya sistemini tıxayır, daha sonra isə mikroplastik şəklində çay və dənizlərə qarışır. Bundan əlavə, onların istehsalı zamanı əhəmiyyətli həcmdə istixana qazları atmosferə buraxılır.
Məhz buna görə Böyük Britaniya hakimiyyəti bu məhsulların dövriyyəsini mərhələli şəkildə dayandırmaq qərarına gəlib.
Qadağa ilk olaraq 18 dekabr 2026-cı il tarixindən etibarən Uelsdə tətbiq olunacaq. Daha sonra 2027-ci ilin mayında Şimali İrlandiya və İngiltərədə, həmin ilin avqustunda isə Şotlandiyada qüvvəyə minəcək.
Qadağa aşağıdakı məhsulları əhatə edəcək:
* uşaq nəm salfetləri;
* makiyaj təmizləyən salfetlər;
* nəm tualet kağızı;
* əllər üçün antibakterial salfetlər;
* şəxsi gigiyena məhsulları;
* məişətdə istifadə olunan təmizləyici salfetlər.
Bununla belə, tərkibində plastik olmayan nəm salfetlərin, eləcə də təkrar istifadə oluna bilən alternativlərin satışı davam edəcək.
Eyni zamanda, tibbi məqsədlər üçün nəzərdə tutulan məhsullar da müəyyən şərtlərlə apteklər və xəstəxanalar vasitəsilə satışda qalacaq.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta plastiksiz, bioloji parçalana bilən və ya "unitaza atıla bilən” kimi təqdim olunan salfetlər də kanalizasiya sisteminə atılmamalıdır. Çünki onlar kanalizasiya şəraitində kifayət qədər tez parçalanmır və bəzi hallarda mikroliflər buraxa bilir.
Ekspertlər istifadə olunmuş bütün növ salfetlərin, tərkibindən asılı olmayaraq, adi məişət tullantıları ilə birlikdə atılmasını tövsiyə edirlər.
Aydın
Şərhlər