Maqazin 14:09 07.03.2020

"Xəzər TV" təsdiqlədi: Tolikin verilişi bağlandı (YENİLƏNİB)

Xəzər Televiziyası tanınmış prodüser və aparıcı Tarix Əliyevin verilişi ilə bağlı açıqlama verib.

Qaynarinfo həmin açıqlamanı təqdim edir:

Xəzər Televiziyasına yeni təyin olunmuş Baş direktor Murad Dadaşovun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət yaradıcı qrup formalaşdırılıb. Bu qrup televiziyanın efirində yayımlanan verilişlərin məzmun və keyfiyyətini nəzərdən keçirir.

Keçirilən ilk iclasda "Hər şey daxil" verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb. 

Qeyd edək ki, yaradıcı heyət televiziyanın proqram siyahısına daxil olan bütün layihələrin monitorinqini aparmaqda və keyfiyyət analizini həyata keçirməkdədir. Monitorinqlərin nəticəsindən asılı olaraq, digər verilişlərdə də məzmun dəyişikliklərinin ediləcəyi istisna olunmur.

Media orqanı olaraq bəyan edirik ki, növbəti televiziya mövsümündən, yəni cari ilin payızdan etibarən "Xəzər TV" daha məzmunlu, dolğun, əhatəli və xalqımızın milli mənəvi dəyərlərinə uyğun yeni telelayihələrlə tamaşaçıların görüşünə gələcək.
 
12.47

Prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Hər şey daxil” verilişi bağlanıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, buna ötən gün canlı yayımda Əməkdar artist Elza Seyidcahanla müğənnilər Manaf Ağayev və Mətanət Əsədovanın qalmaqalı səbəb olub.

İki gün öncə telekanalın rəhbəri vəzifəsinə təyin edilən Murad Dadaşov həmin buraxılışdan dərhal sonra iclas keçirib və verilişin bağlanmasına qərar verib.

Qeyd edək ki, dünənki proqram zamanı sənətçilər bir-birlərinə qarşı qeyri-etik ifadələr səsləndirib, televiziyaya uyğun olmayan söhbətlər aparılıb. Bu səbəbdən hətta efir yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən Tolik bildirib ki, bu barədə hələlik məlumatsızdır: "Mənə heç bir şey deyilməyib. İndi iclasa gedirəm”.