Ekonomiks 18:27 14.02.2023

5-dən çox generalı, 10-dan çox polkovniki gömrükdən uzaqlaşdırdı - Şahin Bağırov hansı işlər görüb?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilərək, qurumun sədri təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, Şahin Bağırov 2022-ci ilin iyulun 18-də Prezidentin müvafiq sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr əvəzi təyin olunub. 

O, sədr əvəzi vəzifəsinə təyin edildikdən sonra illərdir Komitənin ayrılmaz vəzifəli şəxsləri sayılan 5-dən artıq generalı, 10-dan çox polkovniki vəzifədən azad edərək təqaüdə göndərib. Bir sıra gömrük qurumlarının rəis və işçilərini vəzifələrindən azad edib.

Şahin Bağırov ilk olaraq Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərlini, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqovu vəzifədən uzaqlaşdırıb.

Baş Gömrük Mühafizə Xidmətinin rəisi, gömrük xidməti general-mayoru Ələkbərov İsmayıl Ağaqulu oğlu, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu və başqa bir sıra idarə rəisləri vəzifələrindən azad ediliblər.

Hələ də bəzi idarə və şöbələrə rəhbər təyinatı olmayıb.

General-leytenant Əsgər Abdullayev, general-leytenant Rza Həsənəliyev, general-mayor İqbal Babayev sədr müavini vəzifəsindən çıxarılıblar.

Bakıda və bir sıra rayonlarda, o cümlədən Naxçıvan gömrüyündə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı bir sıra vəzifəli şəxslər saxlanılıb, həbs edilib və ən yaxşı halı vəzifələrini itiriblər. Nəticədə Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilib, yerində Naxçıvan Gömrük İdarəsi yaradılıb.

Şahin Bağırov sədr əvəzi təyin edildiyi gündən indiyədək ciddi kadır islahatları aparılsa da, hələ də xidmətlərdə ciddi nöqsanlar mövcuddur və bu da xüsusən sahibkarların ciddi haqlı narazılıqlarına səbəb olur. Qarşıdakı dövrdə də islahatların davam edəcəyi gözlənilir...

Əhməd